Fransanın Qarabağ münaqişəsilə bağlı mövqeyi necədir?

arlem-dezirArlem Dezir: «Biz münaqişənin Madrid prinsipləri və ərazi bütövlüyünə hörmət əsasında həllinin tərəfdarıyıq»

“Fransa ATƏT-in Minsk qrupunun digər həmsədrləri – ABŞ və Rusiya ilə birlikdə Qarabağ münaqişəsinin beynəlxalq hüquq normalarına uyğun, Madrid prinsipləri və ərazi bütövlüyünə hörmət əsasında həllinin tərəfdarıdır”. Bunu Fransa Xarici Işlər Nazirliyinin Avropa məsələləri üzrə dövlət katibi Arlem Dezir dünən Bakıda keçirdiyi mətbuat konfransında deyib.

Bakıya səfərinin Qarabağda vəziyyətin gərginləşməsi fonunda baş tutduğunu qeyd edən Dezir bildirib ki, Bakıya da, bundan əvvəl Yerevana da yalnız sülh və barışıq mesajları ilə gəlib: “Regionda gərginlik artıb. Yenidən münaqişənin alovlanması mülki əhali üçün əlavə əzablara səbəb ola bilər. Bu baxımdan mən həm də dialoqun başlanması mesajı ilə gəlmişəm”.

Münaqişənin hərbi yolla həllinin qeyri-mümkün olduğunu düşünən Arlem Dezirin sözlərinə görə, Fransa Minsk qrupunun digər həmsədrləri Rusiya və ABŞ-la birlikdə münaqişənin uzunmüddətli həllini tapmağa çalışır: “Bu münaqişəni yalnız sülh yolu ilə həll etmək lazımdır. Biz Madrid prinsiplərinin tətbiqinə çalışırıq. Əsas mesaj güc tətbiqindən istifadə etməməkdir. Silahlar susmalı, danışıq tərəfləri bir masa arxasına əyləşib, müəyyən kompromislərə getməlidir.

2014-cü ilin oktyabrında Fransa prezidentinin Azərbaycan və Ermənistan prezidentlərilə görüşünü yada salan Dezir qeyd edib ki, bu danışıqlardan sonra BQXK-nin iştirakı ilə itkin düşmüşlərin taleyinə aydınlıq gətirilməsi, qarşılıqlı etimad tədbirlərinin görülməsi məqsədilə görüşlər keçirilib.

Dezir Ermənistan prezidenti Serj Sərkisyanın danışıqların davam etdirilməsinin qeyri-mümkünlüyü barədə bugünlərdə verdiyi bəyanatı şərh etməkdən yayınıb. O, bir daha vurğulayıb ki, dialoqa elə indi başlamaq lazımdır.

Ermənistanın BMT Təhlükəsizlik Şurasının işğal edilmiş ərazilərin azad edilməsi haqqında 4 qətnaməsini yerinə yetirmədiyini xatırlatdıqda Dezir deyib ki, Fransa ABŞ və Rusiya ilə birlikdə münaqişənin beynəlxalq hüquq normalarına uyğun, Madrid prinsipləri və ərazi bütövlüyünə hörmət əsasında həllinin tərəfdarıdır.

Aytən