Dünyanın “ən gözəl pulları” Qazaxıstandadır

qazax tenge“The Guardian” yazır ki, Yeni Zelandiyanın 5 dollarlıq kağız, əslində polimer pulu 2015-ci ilin “ən gözəl əskinası” adına layiq görülüb. Belə bir mükafat hər il Beynəlxalq Əskinas Cəmiyyəti (İnternational Bank Note Society ) tərəfindən təqdim edilir.

Hazırda 2016-cı il üçün nominasiya elan olunub. Sözü gedən cəmiyyət 1961-ci ildə dünya boyunca əskinas və kağız pulların öyrənilməsi və təbliğatı məqsədilə yaradılıb.

Onun 100 ölkədə 20 min üzvü var. 2015-ci il üçün qiymətləndirməyə 20 ölkədən 40-dək əskinas nominasiya edilmişdi.

Müsabiqənin şərtlərinə görə, bu qiymətləndirməyə yalnız yenicə çap olunmuş əskinas dizaynları təqdim edilə bilərdi, lakin həmin pullar real dövriyyədə olmalı idi.

Sarıgöz pinqvin

“The Guardian” yazır ki, ötən il ərzində 150 yeni əskinas buraxılıb və onlardan təxminən 30-dan çoxu “kifayət qədər yeni dizaynına” görə müsabiqəyə nominasiya edilib.

Yeni Zelandiyanın 5 dollarlıq əskinası “təmiz qələbə” qazanıb, lakin ikinci yer Şotlandıyanın Clydesdale Bankının 5 funt sterlinqlik əskinası (Şotlandiya Britaniya funtunun spesifik dizaynlarını buraxmaq hüququna malikdir), İsveçin 20 kronluğu, Rusiyanın yüzlüyü və Qazaxıstanın 20 min tengelik əskinası arasında bölüşdürülüb.

Əskinaslar nominasiyaya dörd qitədən, dörd Yaxın Şərq ölkəsindən və dörd ada dövlətdən təqdim edilib. Qalib əskinasa gəlincə, Yeni Zelandiya 5 və 10 dollarlıq əskinasları ötən ilin oktyabrında dövriyyəyə buraxıb.

Yeni Zelandiya beşliyinin üstündə alpinist və lord Edmund Hillary-nin şəkli var. O şəkildə Aoraki və ya Cook dağına baxır. Əskinasın arxa tərəfində nadir quş – sarıgözlü pinqvin və yerli flora nümunələri yer alıb.

Özünün “ecazkar narıncı-boz” çalarlarına görə yüksək qiymətləndirilmiş Zelandiya beşliyini Kanadanın Bank Note Company şirkəti kəsib.

Tenge – “üçqat çempion”

Yeni Zelandiya Mərkəzi Bankının direktor müavini Geoff Bascand bu mükafatdan son dərəcə məmnun olduqlarını deyib. O bildirib ki, yeni beşlik həm gözəlliyi, həm də təhlükəsizlik keyfiyyətləri ilə təkrarsızdır.

Yeni Zelandiyanın yeni 20-lik, 50-lik və 100-lük dollarları mayın 16-dan dövriyyəyə çıxacaq.

Bundan əvvəlki müsabiqələrin qalibləri Trinidad və Tobago (2014), Uqanda (2010), Bermud adaları (2009), Samoa (2008), Şotlandiya (2007, 50 funtluq əskinas), Komor adaları (2006), Faro adaları (2005) və Kanada (2004) olublar.

Qazaxıstanın tengesi bu məsələdə “üçqat çempiondur”. Bu ölkənin əskinasları qalib adına 2011, 2012 və 2013-çü illərdə layiq görülüb. 2015-ci ildə dəyərini 30 faiz itirən tenge, deyəsən gözə gəlib. Yalnız ikinci yeri tuta bilib.

2015-ci ildə Azərbaycan manatı dünyanın “ən pis pulu” elan edilib. Hərçənd bu, onun gözəl olmadığına görə yox, dəyərinin yarısını itirdiyinə görə baş verib. (BBC azeri)