Gənclərə qayğı nədə ifadə olunub?

azad-rehimovAzad Rəhimovun həqiqət payı olmayan optimizmi

Hökumətimiz yenə də “ənənə”ni davam etdirir. Bütün göstəricilərin aşağı düşməsinə baxmayaraq, hökumət yuxarı nəticələrdən danışır. Fakt budur ki, vətəndaş banklardan asılı vəziyyətə düşüb, işsizlik və yoxsulluq səviyyəsi hər gün artır və real islahatlar gözə görünmür. Yenə də imitasiya, yenə də lazımsız proyektlərin təbliğatı arxasında gizlənmək, yenə də yalanları həqiqət kimi sıramaq qüvvədədir.

“Bu il Gəncə Avropanın gənclər paytaxtı elan edilib. Bundan başqa, gələn il 1000 skaut Azərbaycanda skautlar forumunda iştirak edəcək. Bütün bunlar hökumətin  gənclərə investisiya yatırılmasında maraqlı olduğunu göstərir”. Bunu Azərbaycanın gənclər və idman naziriÿ Azad Rəhimov ÿBMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumu çərçivəsində keçirilən gənclər forumunda çıxışı zamanı deyib. O, çıxışında Azərbaycanda Gənclər Fondunun yaradılmasını xüsusi qeyd edib.

Göründüyü kimi, nazirimiz dünyanı inandırmağa çalışır ki,  bu ölkədə gənclərə böyük diqqət və qayğı var.

Təbii ki, bunu iddia etmək üçün bütün reallıq hissini itirmək lazımdır. Ölkə diplomlu işsizlərlə doludur, 17000 gənc təhsil haqqını ödəyə bilmədiyi üçün ali məktəblərdən kənarlaşdırılıb, bugünlərdə xaricdə təhsil proqramı dayandırıldı, onminlərlə gənc dolanışıq üçün ölkə xaricinə üz tutub, xaricdə təhsil almış yüzlərlə gənc ölkəyə qayıtmaq istəmir, dövlət idarəçiliyində gənclərin təmsilçiliyi ən minimum səviyyədədir. Axı, bütün komanda qocalardan təşkil olunubsa, gənclərə qayğıdan necə danışmaq olar?

Bugünlərdə təhsil naziri Mikayıl Cabbarov bildirdi ki,  gənclərin işlə təminat səviyyəsi 42 fazidir. Təbii ki, bu rəqəm də real görünmür. Çünki, restoranda ofisant, tikintidə fəhlə işləyən, avtobusda pul yığan əsasən gənclərdi və əksəriyyət diplomlu gənclərdi. Belə bir reallıqda gənclərin 42 faizinin işlə təmin olunması həqiqəti əks etdirmir. Amma rəsmi etiraf olunan budur ki, gənclərin 58 faizi işsizdir.  Bir qrup məmur və onların ətrafında olanların övladları yüksək səviyyədə işlə təmin olunub. Eyni zamanda bu hökumətə yaltaqlanmaqla məşğul olan, yalanlara əl çalan bir neçə gənclər təşkilatı var ki, onlar da rejimin qazanından qidalanırlar. Böyük mənada isə bu ölkənin gəncləri gənclik həyatından məhrum olub. Gənclər zəruri ehtiyaclarını ödəmək  qabiliyyətində deyillər. Gənc elmi işçiyə verilən əmək haqqı ilə yalnız ac qalmamaq mümkündür. Yaxud gənc tələbəyə verilən təqaüd yalnız yol puluna çatır.

Azad Rəhimov isə “Formula-1″ yarışını, ”Avropa oyunları”nı gənclərə qayğı kimi təqdim edir. Hansıki, bu tədbirlər  gənclərin gələcəyinə xərclənməli olan pulları “udub”.

Bir sözlə, hökumət utanmadığı üçün bütün havalara oynaya bilir. Heç bir kompleks keçirmədən yalanlara sarıla bilirlər.

Samir