Polkovnikin məktubda həbsdə olduğunu yazdığı adam əslində, azadlıqda imiş…
Bir müddət əvvəl Nərimanov Rayon Polis Idarəsində paytaxt sakini Esmira Balabəyova barəsində CM-nin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsilə cinayət işi başlanıb. Azadlıqda qalarsa, ziyan vurduğu adamın pulunu (153 min manat) qaytaracağını vəd etdiyinə görə onun barəsində həbslə bağlı olmayan qətimkan tədbiri seçilib.
Amma bu iş üzrə zərərçəkmiş olan Iradə Əlixasovanın pulu qaytarılmayıb. Pulunun qaytarılacağını gözləyən Əlixasova günlərin birində eşidib ki, Esmira Balabəyova külli miqdarda narkotik satışına görə saxlanılıb. Narkotik işi üzrə istintaqı Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Idarəsi apardığından onun barəsində Nərimanov Rayon Polis Idarəsindəki işi də götürüb, bir icraatda birləşdiriblər. Hətta Daxili Işlər Nazirliyinin Baş istintaq və Təhqiqat Idarəsinin rəisi vəzifəsini icra edən polis polkovniki Teymur Hacıyevin imzası ilə Iradə Əlixasovaya məktub göndərilib və yazılıb ki, Esmira Balabəyova barəsində həbs-qətimkan tədbiri seçilib. Amma zərərçəkmiş öz mənbələri vasitəsilə müəyyənləşdirib ki, ona verilən məlumat həqiqətə uyğun deyil, əslində, Esmira Balabəyova həbsdə deyil.
Nə pulunun qaytarıldığını, nə də Balabəyovanın həbs olunduğunu görən Iradə Əlixasova indi Daxili işlər naziri Ramil Usubov və Baş prokuror Zakir Qaralovdan kömək istəyir.
“Məlum olur ki, Esmira Balabəyova həbs olunmayıb və görünür, istintaq orqanı DIN rəhbərliyinə yumşaq desək, səhv məlumat verib. Prokurorluq orqanları da bu açıq-aşkar qanunsuz əməllərə qiymət vermək əvəzinə, bunlara göz yumurlar. Xahiş edirəm, bu işi nəzarətinizə götürəsiniz və qanunsuzluqlara yol verən şəxslərin cəzalandırılmasına göstəriş verəsiniz”, – deyə DIN və prokurorluq rəhbərliyinə müraciətdə yazılıb.
Iradə Əlixasova onu da qeyd edir ki, Esmira Balabəyovaya verdiyi 153 min manat satdığı evinin və bağının pulu olub. Pulu da birgə biznes qurmaq üçün veribmiş: “Mənə demişdi ki, Dubaydan gömruk rüsumu olmadan qızıl-zinət əşyaları gətirib Mərkəzi Univermaqda yer götürüb mənimlə birgə biznes quracaq. Sonradan özü də yazılı şəkildə etiraf etdi ki, əslində, heç bir qızıl gətirmək, iş qurmaq niyyəti olmayıb. Pulu da qısa müddətdə qaytaracağına söz versə də, yerinə yetirmədi”.



