Yeni Mərkəzdən islahat gözləməyə dəyərmi?

nemet-eliyev1Nemət Əliyev: «Hökumət islahat həyata keçirmək istəyirsə, dərhal siyasi islahatlardan başlamalıdı»

Prezident fərmanı ilə Iqtisadi Islahatların Təhlili və Kommunikasiya Mərkəzinin yaradılıb. Mərkəzə 3 nəfər üzvdən ibarət Müşahidə Şurası rəhbərlik edəcək. Üzvlər isə prezident tərəyindən təyin olunacaq.

Azərbaycanda indiyədək adında “islahat” sözü olan çox qurumlar yaradılıb, amma onların heç birinin fəaliyyətində islahatdan əsər-əlamət olmayıb. Maraqlıdır, yeni yaradılan qurum da onlardan biri olacaqmı? Ümumiyyətlə, bizə yeni qurumlar lazımdır, yoxsa konkret iş görmək?

Iqtisadçı ekspert Nemət Əliyev deyir ki, islahatların yönünün, nomenklaturasının və tərkibinin müəyyənləşdirilməsi baxımından bəlkə də belə bir qurumun yaradılmasına ehtiyac vardı. Ekspertin sözlərinə görə, indiyədək xeyli lazımsız qurumlar yaradıldığından, faydalı bir qurum yaradılanda da   insanlar narazılıqla qarşılayır: “Hökumət ilk növbədə  ölkədə çox ciddi islahatlara ehtiyac olduğunu qəbul etməlidir. Hansısa qurumlara ehtiyac varsa, bunu etmək lazımdır. Amma həmin qurumların qərarları, hazırladıqları təhlildən çıxardıqları nəticələri quraqardı edəcəklərsə, icra məsələlərində ”gözdən pərdə asmaq” məqsədi güdəcəklərsə, məncə, bunu etməsələr yaxşıdır. Islahat köklü dəyişikliklərin baş verməsindən xəbər verir. Amma onu elə gözdən salıblar ki, az qala, hansısa məmurun işdən çıxarılması da islahat kimi təqdim edilir. Hansısa islahat həyata keçirmək istəyirlərsə, dərhal siyasi islahatlardan başlamalıdılar. Bu olmayacaqsa, hansısa iqtisadi islahatın nəticə verəcəyini gözləmək əbəsdir”.

Nemət Əliyev yeni qurumun gəldiyi nəticələri konkret şəkildə həyata keçirmək mümkün olduğu şəraitdə onların yaradılmalı olduğunu vurğulayır: “Belə olmayacaqsa, bu cür addımlarla insanların başını qatmaq mənasız işdir”.

Nigar