Aldadılan vətəndaş Baş prokurordan kömək istəyir
Son bir neçə ildə mənzil dələduzluğu ilə üzləşən vətəndaşların sayı artıb. Bu qəbildən olan daha bir vətəndaş Baş prokuror Zakir Qaralovdan kömək istəyir. Sumqayıt şəhəri, 26-cı məhəllə, ev 5/6, mənzil 7 ünvanında yaşayan Qədir Imanov Zakir Qaralova ünvanladığı məktubun surətini “Azadlıq”a da göndərib.
Şikayətçi yazır ki, 29 noyabr 2011-ci ildə Nərimanov rayonu, “Keşlə bazarı”na yaxın ərazidə “Ulduz” MMC-ni təmsil edən Fikrət Hacıyevə 37 min 125 manat pul ödəmişəm. Firmanın Yasamal rayonu, Yeni Yasamal yaşayış massivində inşa etdiyi 4 bloklu binanın 5-ci mərtəbəsində sahəsi 82.5 kvadrat metr olan ikiotaqlı mənzil almışam. Özünü iş adamı kimi təqdim edən bu şəxs pulu alandan sonra şirkətin meneceri kimi təqdim etdiyi Fariz Allahverdiyevə zəng edərək müqavilə tərtib etməyi tapşırdı. O da qısa müddətdə müqaviləni və pulun ödənməsinə dair maliyyə arayışını gətirib Fikrət Hacıyevə təqdim etdi. O isə müqaviləni təsdiq etdi və mən müqavilənin şərtlərilə tanış olub götürdüm.
Fikrət Hacıyev binanın bir il ərzində təhvil veriləcəyini və tikinti işlərinin hazırda davam etdiyini bildirdi. Mən tikintinin aparıldığı sahəyə gedib, orada iş şəraitilə tanış oldum və binanın bir il ərzində tamamlanacağını öyrəndim.
Aradan bir neçə ay keçəndən sonra Fariz Allahverdiyev mənə zəng edib Fikrət müəllimin xahişi ilə Rusiyadan gələn alıcıları ilə mənim mənzilimi mərtəbə baxımından dəyişməyi xahiş etdi. Yeni alıcı yuxarı mərtəbə istədiyindən 4-cü mərtəbədə olan mənzili istəmirdi. Mənim üçün bir mərtəbə fərq etmədiyindən onların xahişini yerə salmadım. 37-ci mənzil məndən alındı və əvəzində 4-cü mərtəbədəki 28-ci mənzil verildi və ilkin müqavilədə göstərilən 29 noyabr 2011-ci il tarixi dəyişdirilmədən müqavilədə saxlanıldı. Bunlar mənim üçün əhəmiyyət kəsb etmədiyindən etirazımı bildirmədim.
Mən bir qrup dələduz tərəfindən aldadıldım və nəticədə 4 ildən sonra bildim ki, Fikrət Hacıyev mənim kimi 17 alıcını aldadıb. O, külli miqdarda pulu ələ keçirərək Tovuzda özünə pansionat tikdirib. Əməllərini ört-basdır etmək üçün tikintini başqa firmaya həvalə etmiş kimi alıcıları aldadıb. Aldığım ünvanla maraqlanmaq üçün Binəqədidə yerləşən “Şərur” MTK-ya gedəndə isə adımın siyahıda olmadığını gördüm. Onlar dedilər ki, sadəcə, tikintini davam etdirirlər və “Ulduz” firmasından gələn siyahı əsasında mənzilləri sahiblərinə verirlər. Fikrət Hacıyevi axtarıb tapdım və bu işləri aydınlaşdırmağı tələb etdim. O dedi ki, mənim aldığım mənzilin hazırda 58 min manat qiyməti var və qalan pulu da ödəyəndən sonra adımı siyahıya sala bilər. Bu şəxs Xırdalanda mənə ikiotaqlı mənzil verəcəyini vəd etsə də, sonradan telefonunu bağladı. Öyrəndim ki, onun “Ulduz” MMC-də heç bir səlahiyyəti olmayıb, yalnız qeyri-rəsmi olaraq firmanı təmsil edib və məni kimi şəxsləri aldatmaqla məşğul olublar.
Xahiş edirəm, üzləşdiyim problemin obyektiv araşdırılmasını, günahkarların cəzalandırılması, haqqımın bərpa olunmasını təmin edin”.
Baş prokurora məktubda adı hallanan şəxslərin də mövqeyini dərc etməyə hazırıq.
Sosial şöbə



