Devalvasiya bu hökumətə nə üçün lazım idi?

rovshen agayevRövşən Ağayev

Rəsmi iqtisadi kursu müdafiə edən bəzi iqtisadçılardan bu fikri tez-tez eşitmək olur: manatın devalvasiyasına sosial şəbəklər və media vasitəsilə yaradılan ajiotaj səbəb oldu. Sən demə müstəqil təhlilçilər devalvasiyanın qaçılmaz olduğunu deməsəymişlər, hökumət manatın ucuzlaşdırılması haqqında 1 ildə 2 dəfə qərar da qəbul etməyəcəkdi. Təbii ki, bu yanaşma məqsədlidi və kəskin devalvasiyanın ağır sosial nəticələrinə görə ictimai rəyi hökumətin üzərindən yayındırmağa hesablanıb. Amma öz dediyinə səmimi olaraq inanan və təhlil imkanı vəziyyəti qiymətləndirməyə yetməyən bəzi dostlara real mənzərəni açan fakt bir göstərim. 2015-ci ildə Neft Fonduunun gəlirləri 7.3 milyard dollar oldu. 2016-cı ildə neftin orta illik qiymətinin 40-45 dollar ətrafında olacağı çox real görünür. Əgər orta qiymət bu səviyyədə olsa, Fondun gəlirləri təxminən 4.5 milyard dollar səviyyəsində gözlənir.  Yəni son 2 ildə Fondun maksimum 12 milyard dollar gəlir əldə etməsimdən söhbət gedir.  Amma xərclərə baxaq: 2015-2016-cı illər üzrə xərclərin həcmi 20 milyard manata yaxındır- 2015-də artıq 9.2 milyard xərclənib, 2016-da isə 10.7 milyard manat xərclənəcək.  Əgər məzənnə 0.78 manat səviyyəsində qalsa idi, 20 milyard manat 25 milyard dollar idi. Ötən ilin orta illik məzənnəsinin 1.04 manat, bu il üçün isə 1.55 olduğunu nəzərə aldıqda, 20 milyard manat təxminən 13.5 milyar dolllara bərabərdir.  Burdan çıxan nəticə: manat 2 dəfə dəyərini itirməsə idi, ya 2015-2016-cı illərdə Neft Fondu vasitəsilə 13.5 milyard yox 25 milyard dollar xərcləməliydi – yəni cari gəlirlərlərindən əlavə xarici aktivlərindən təxminən 12 milyard dolları ölkəyə gətirməli idi. Ya da büdcə xərclərini 2 dəfə azaldıb bütün investisiya layihələrini dayandırmalı, maaş və pensiyaları da 2 dəfə azaltmalı idi. Hələ onu demirəm ki, 0.78 manat məzənnəsi kimi əlverşili məzənnə ilə Mərkəzi Bankın bütün ehtiyatları süpürüləckdi. Ona görə də birdəfəlik bilin: devalvasiya uzun illər nefrt pullarından məst olmuş hökumətin orta müddətli dövrdə özünü rahatlatması üçün lazım idi – heç bir ajiotajın burda rolu yoxdu. Hökumət Neft Fondunun xaricdəki 35 milyardlıq dollarına “təhlükəsizlik yastığı” adını qoymuşdu. Unutmayın, devalvasiyaya isə həmişə “paraşüt” kimi baxırmış – amma bəyan etmədən…