Onlar üçün tikilən mənzillər Rusiya, Bakı, Qazax qeydiyyatlılara verilib…
“Azadlıq”ın elektron poçtuna Qazax rayonu Aşağı Əskipara kəndindən 45 nəfər məcburi köçkünün imzası ilə şikayət məktubu gəlib.
Ölkə başçısı Ilham Əliyevə, surəti Heydər Əliyev fondunun prezidenti Mehriban Əliyevaya, Qaçqın və Məcburi Köçkünlərlə iş üzrə Dövlət Komitəsinin sədri Əli Həsənova ünvanlanan şikayət məktubunda bildirilir ki, 1992-ci ildə Aşağı Əskipara kəndindən qovulan sakinlər Qazax rayonu ərazisində müəssisə və idarələrin yardımçı binalarında məskunlaşıblar.
Əskipara həsrətli insanların taleyinə 24 illik məcburi köçkünlük yazılıb. Bu uzun illər ərzində bir çox məhrumiyyətlərə düçar olduqlarını yazır soydaşlarımız. Dağdan gəlib aranda yaşayan soydaşlarımız böyük faciələrlə baş-başa qalıb.
Qazax rayonunda Qaçqın və Məcburi Köçkünlərlə iş üzrə Dövlət Komitəsinin sifarişi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi rayonun Nərimanov qəsəbəsində 45 ailə üçün 2 otaqlı fərdi evlər, 304 mənzilli 4 mərtəbəli binalar tikərək məcburi köçkünlər arasında bölüşdürüb.
Mənzil bölgüsündə maxinasiya və ədalətsizliyin olduğunu bildirən məcburi köçkünlər deyir ki, mənzinlərdən Rusiya, Bakı, Qazax qeydiyyatlı vətəndaşlara da “pay” düşüb.
Qazax rayonunda mənzillərin bölüşdürməsi komissiyasının sədri Fərman Nağdəliyev inzibati ərizi üzrə nümayəndə Ilqar Əliyevlə əlbir olaraq mənzillərin bir çoxunu məcburi köçkün statusu olmayan şəxslərə veriblər.
Şikayətçilərin Qazax rayon Icra Hakimiyyətinin başçısı Ayaz Əsgərova müraciəti də nəticəsiz qalıb. Ümumiyyətlə, başçı məcburi köçkünlərin problemləri ilə maraqlanmır. Rayonu şəxsi təsərrüfatı kimi idarə edir. Başçının qəbuluna yazılan vətəndaşlar aylarla süründürməçiliyə məruz qalırlar.
Səlahiyyət yiyələrinin qanunsuz əməllərini ifşa edən məcburi köçkünlər ölkə başçısından Fərman Nağdəliyevin və Ilqar Isayevin işini araşdırmasını, mənzillərin yenidən məcburi köçkünlər arsında bölüşdürərək əsl sahiblərinə verilməsini tələb edirlər…
Şakir



