Jurnalistin ölümünə görə hökmdən şikayət verilib

rasim elJurnalist Rasim Əliyevin ölümündə təqsirləndirilən şəxslər məhkəmə hökmündən apellyasiya şikayəti veriblər. Bu haqda təqsirləndirilənlərdən Samir Mustafayevin vəkili Bəxtiyar Hacıyev məlumat verib.

Şikayət aprelin 20-də məhkəməyə təqdim edilib. Vəkillər birinci məhkəmə instansiyasının hökmünün dəyişdirilməsini tələb edirlər.

Rasim Əliyev Facebook sosial şəbəkəsində futbolçu Cavid Hüseynov barədə tənqidi şərh yazıb. Onu bundan az sonra, 2015-ci il avqustun 8-də bir qrup şəxs döyüb. Rasim Əliyev avqustun 9-da səhərə yaxın xəstəxanada vəfat edib.

Bununla əlaqədar altı nəfər həbs olunmuşdu. 5 nəfər CM-nin 126.3-cü (qəsdən bədənə ağır xəsarət yetirmə ölümə səbəb olduqda) maddəsi ilə ittiham olundu. Onlardan ikisinə – Arif Əliyev və Elşən İsmayılova qarşı həm də CM-nin 177-ci (oğurluq) maddəsi ilə də ittiham irəli sürülmüşdü.

Bakı Ağır Cinayətlər Məhkəməsi təqsirləndirilənlərdən Kənan Mədətov və Samir Mustafayevin hər birini 9 il, Camal Məmmədovu 11 il , Arif Əliyevi 12 il 6 ay, Elşən İsmayılovu isə 13 il müddətinə azadlıqdan məhrum edib. (Report)