O uşaqlar bizik – Qərənfil, Qulu, mən, Mehriban, Rəhilə, Ramiz, Nazim, Imamverdi, Arif… Eyni dövrün “uşaqları”. 80-ci illərdə Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində (AzTV) Komsomol komitəsinin, bürosunun üzvləri.
O çağlar Kommunist partiyasının üzvü olmayanı komsomolun bürosuna da seçmirdilər. Qulu, yəni Qulu Məhərrəmli yaşca bizlərdən azacıq böyükdü. Indi də böyük olduğu kimi; aramızda 60-ı keçən odur. Deyim ki, bu böyüklük tək yaşla bağlı deyildi. Qulunun təmkini, səbri də böyükdü, elə də qalır. Müstəqillikdən qabaqkı o illərdə Qulu Məhərrəmli televiziya, mən radio, Rəhilə RTS komsomol təşkilatına rəhbərlik edirdik. Aramızda canıyla, qanıyla əsil komsomolçu sədrimiz Qərənfil xanımdı; hər rübdə birimizin işini yoxlatdırır, büroda müzakirə etdirirdi. Yazdıqlarım kimsəyə gülünc gəlməsin, o zaman belə idi. Büro üzvü kimi ilk dəfə televiziya komsomol təşkilatının işinin yoxlanmasında iştirak etdim. Qulu müəllimin işini yoxladıq və sənədləşdirməni nizamnaməyə uyğun aparmadığına görə komsomol komitəsinin bürosunda ona töhmət verdik. Əlbəttə, yoxlama komissiyasının hesabat-rəyindən, çıxış və təkliflərdən sonra, səsvermə yolu ilə. O səsvermədə Qərənfil Xəlilovanın müavini Mehriban xanım Qulu müəllimə töhmət verilməsinin əleyhinə oldu. Sənədləşdirməni yoluna qoymaq üçün təşkilat sədrinə vaxt verməyimizi təklif etdi. Biz o qədər “sadiq komsomolçu” idik ki, onun təklifi havada qaldı, töhmətə “nail olduq”. Gözlənilməyən töhmət cəzası Qulu Məhərrəmlinin “dost”lardan aldığı ilk zərbə oldu. Bu, Mehribanın Ariflə nişanlı olduğu çağlar idi. AzTV-nin indiki sədri, o zaman mühasibatlıqda çalışan Arif Alışanovla. Ariflə Qulu yerli və dost idilər… Cavanşir Cahangirov da onlarla birgə.
80-ci illərin lap başında mən Teleradio komitəsində işə başladığım çağlardan həm Qulu Məhərrəmli, həm də Arif Alışanovla aramızda işgüzardan daha yaxın, deyə bilərəm dostyana münasibətimiz, qarşılıqlı hörmətimiz olub. Qulu müəllimlə münasibət uzaqdan-uzağa indi də qalır, Arif Alışanov sədr olandan sonra (10 ildir) münasibətlərə nöqtə qoyulub. Özü də qara nöqtə. Bu on ildə Qulu Məhərrəmlini uzağı üç yol görmüş olaram, hamısında təsadüfən. Qulu Məhərrəmli heç dəyişməyib; yüksək intelllektdə, eyni təmkində, sanbalda, əxlaqda, neytrallığı, obyektivliyi qoruyan eyni üstünlükdə. Amma ona töhmət verilməsində etdiyim canfəşanlığı da unutmayıb. Başıma qaxmaqdan zövq alır. Mən də Alışanovun mənə elədiklərini unutmamışam. Yaxşılar yaxşı sıradadır, yamanlıqlar yaman sırada.
Həyatın məktəbində öyrəndiklərimiz hökumətin məktəbində öyrəndiklərimizdən qat-qat dərin və genişdir. O dərinlikdə, o genişlikdə heç nə məni təəccübləndirməzdi, Arif Alışanovun qırx illik dostu Cavanşir Cahangirovu və Qulu Məhərrəmlini işdən çıxartması, üstəlik, Qulu müəllimi tutdurmaq, ondan 100 min manat almaq üçün məhkəməyə verməsi qədər. AzTV-nin şinelindən çıxan o qədər ləyaqətsiz, rüşvətxor, kələkbaz, yaltaq var ki, hələ də iş başındadır. Işi olub başı olmayanlara havadarlıq etməyə nə ad verəsən axı. Qulu Məhərrəmlinin 100 min verilişi, əlyazması olar, kitabı, dostu olar, AzTV ilə bağlı xatirəsi olar, amma məhkəməyə ödəməyə pulu olmaz.
Mən, Alışanova hansısa formada müraciət etmək istəmirəm, son on ilin yaddaşına yazılanlara əsasən bilirəm ki, mənasızdır. Sadəcə demək istəyirəm, jurnalisti, alimi, müəllimi – söz adamını sözünə görə məhkəməyə vermək kimsəyə şərəf gətirmir, o ki dövlət məmuru, televiziya sədri ola. Arif Alışanovun sədrliyi ərzində bu məhkəmə olayı qədər mövqeyinə ziyan vura biləcək hansısa birbaşa addım atdığına inanmıram. Atalar necə deyir; “özü-özünə edəni el yığılsa edə bilməz”. Qulu Məhərrəmlinin tənqidi tonda müsahibəsinə qarşı iki saat yarımlıq videotəhqir hazırlatdırandan sonra məhkəməyə müraciət etmək çox ayıbdır. AzTV-nin imicinə çevrilən o biabırçı video olmasaydı, mən bu yazını bəlkə də yazmaz, iki “dost”un mübahisəsinə münasibət bildirməzdim.
Bu gün baş verənlər kənardan çox eybəcər görünür. Ələxsus onların hər ikisini 40 ildən bəri tanıyanlar, kimin hardan, nələrdən hansı yollarla, necə keçdiyini, Qulu Məhərrəmlinin Arif Alışanovun sədrliyə gəlməsində nə qədər əməyi olduğunu bilənlərin gözündə…
Fimar




