AXCP Rəyasət Heyətinin üzvü Məşədi Vaqif Pənahov – 75
Milli Azadlıq Hərəkatının canlı simvollarından, Azərbaycan Xalq Cəbhəsinin, Bakı və Kəndlər Birliyinin qurucularından biri, Əbülfəz Elçibəyin yaxın silahdaşlarından olan, demokratik düşərgənin müdrik ağsaqqalı, öz mərdliyi, cəsarəti, alicənablığı ilə bütün onu tanıyanların rəğbətini qazanmış, partiyamızın Rəyasət Heyətinin üzvü Məşədi Vaqif Pənahovun 75 yaşı tamam olur. Həyat insanları var -dövlət, vəzifə, xəstəlik, həbs, ehtiyac, fiziki və mənəvi təzyiqlər, ətrafındakıların sevgisi ilə sınağa çəkir, ancaq kamil şəxsiyyətlər bu çətin imtahanlardan üzüağ, alnıaçıq çıxırlar. Məşədi Vaqif də belə ləyaqətli insanlardandır, əqidəsinə sadiq, mübarizəsində davamlı, amallarında nikbin, səmimi və cəsur… Həm tutduğu yola, dostlarına sədaqətli, xalqına, vətəninə sonsuz məhəbbət bəsləyən, əməlləri ilə vətənpərvər olan dönməz mücadilə adamı, həm də qayğıkeş ailə başçısı və mehriban baba, gənclərin sevimlisi… Partiyamızın əsas uğurlarından biri nəsillərarası harmoniyanı təmin edə bilməyimizdir. “Ağsaqqal və ağbirçəklərimizə, mübarizə veteranlarına hörmət, gənclərə imkan yaratmaq” əsas şüarlarımızdan biridir. Yaşına baxmayaraq eyni gənclik həvəsi ilə daim mübarizənin önündə olan, haqsızlıqla barışmaz, ölkəsinin gələcəyinə böyük ümid bəsləyən, istər real, istər virtual məkanda zamanla ayaqlaşan dəyərli veteran cəbhədaşımız Məşədi Vaqiflə sonsuz qürur duyuruq.
Hörmətli Məşədi Vaqifi ürəkdən 75 illik yubileyi münasibətilə təbrik edirəm, möhkəm cansağlığı, daha uzun ömür arzulayıram. Ona ən böyük arzusuna çatmağı, canından artıq sevdiyi Azərbaycanda özünün iştirakı ilə demokratiya və ədalətin bərqərar olmasını diləyirəm.
Əzizimiz Məşədi Vaqif, doğum gününüz mübarək, yaxşı ki varsız və bizimləsiz, Allah sizi qorusun!



