Neftin qiymətinin qalxacağı ümidi puç oldu

xam neft

Qubad İbadoğlu: «Hakimiyyət neftə bağlı siyasətinə nəinki yenidən baxmalı, ləngimədən iqtisadi islahatlara başlamalıdır»

Samir Əliyev: «Neftin qiymətinin düşməsi əsasən Neft Fondunu zərbə altında qoyacaq»

Qətərin paytaxtı Dohada istehsalın dondurulması üçün OPEC və OPEC-ə daxil olmayan istehsalçılar arasında aparılan danışıqlar uğursuzluqla nəticələndikdən sonra neft qiymətləri kəskin aşağı düşüb. Birjalar açılan kimi brent nefti 5,5% ucuzlaşaraq 40,86 dollara, Qərbi Texas nefti isə 5,8% ucuzlaşaraq 38,15 dollara düşüb.

Dohada neft hasilatının dondurulmasına dair danışıqlar, Səudiyyə Ərəbistanı ilə Iran arasındakı anlaşılmazlıqdan dolayı uğursuzluqla nəticələndi.

Ekspertlərə görə, Dohada razılığa gələ bilinməməsi “qara qızıl”ı kəskin ucuzlaşdıra bilər. “APA-Economics” “MarketWatch” nəşrinə istinadən xəbər verir ki, bəzi analitiklər hətta neftin 1 barrelinin dəyərinin 30 dollaradək ucuzlaşmasını gözləyir.

Məsələn, “Natixis”in analitiki Abişek Deşpand hesab edir ki, Doha görüşündən hasil olunan nəticə “olduqca neqativ hadisədir”. “Yaxın günlərdə neft 30 dollaradək ucuzlaşacaq”, – deyə A.Deşpand bildirib.

UBS-in ekspertləri də onunla razıdır: “Bazardakı 1-1,5 mln. barreldən artıq təklifi OPEC-ə üzv olmayan ölkələr aşağı salmalıdır”.

“IG Plc”-nin analitiki Anqus Nikolson isə deyir ki, neftin qiyməti hətta 38 dollardan aşağı düşsə, birjalar çökə bilər.

Maraqlıdır ki, “Saxo Bank”ın baş təhlilçisi Ole Hansen hesab edir ki, II rübdə Brent markalı neftin 1 barrelinin qiyməti 35-45 dollar arasında dəyişəcək.

Bu arada “Goldman Sachs”ın analitikləri hesab edir ki, “Doha faktoru” birjalara neqativ təsir etsə də, qəfildən Küveytin hasilatı azaltması birjalara müsbət siqnal verə bilər. Neftçilərin irimiqyaslı etiraz aksiyası Küveytdə hasilatın 60%, yəni mart ayındakı sutkalıq 2,81 mln. barreldən 1,1 mln. barrelədək azalmasına səbəb olub.

qubad-ibadoglu

Iqtisadçı Qubad Ibadoğlu baş verənlərlə bağlı “facebook” səhifəsində status paylaşıb. Q.Ibadoğlunun sözlərinə görə, Doha toplantısı nefti bahalaşdırmaq əvəzinə bir az da ucuzlaşdırdı. Ona görə, bu gedişlə neft qiymətləri 30 dollaradək enə bilər: “Altı saat gec başlayıb 8 saata qədər davam edən neft ixrac edən ölkələrin toplantısının Doha raundu gözlənildiyi kimi nəticəsiz oldu. Bu toplantıda 6 ay müddətində neft hasilatını bu ilin yanvar ayındakı səviyyədə dondurmaq təşəbbüsü ilə çıxış edən Rusiya, Səudiyyə Ərəbistanı və digər ölkələr istədiyi qərarı ala bilmədiyindən daha pis duruma düşdülər. Nəticədə də dünya bazarında neft qiymətləri 3,5 faiz ucuzlaşdı, bəzi neft ixrac edən ölkələrin, o sıradan Rusiyanın rublu daha da dəyərsizləşdi, hətta Yaponiya və Çində belə qiymətli kağızlar zəiflədi. Iranın qatılmadığı bu toplantıdan sonrakı vəziyyət neft ixrac edən ölkələr üçün daha açınacaqlı görsənir. Belə ki, 2017-ci ilin martınadək gündəlik ixracatını 4 milyon barellə çatdırmaq istəyən Iran bu gedişlə həmin hədəfə daha tez yaxınlaşa bilər. Bu ölkədə yanız son 1 ayda xam netin ixracatında 600 min barrel artım qeydə alınıb. Hazırda gündə 10,4 milyon barrel neft ixrac edən Səudiyyə Ərəbistanı isə 9 aydan sonra gündəlik hasilatını 12,5 milyon barrelə çatdıra bilər. Artan təklifin və paralel olaraq da azalan tələbin qiymətlərə ucuzlaşdırıcı təsir edəcəyinə artıq şübhələr qalmayıb. Bir çox maliyyə analitiklərinin proqnozlarına görə, qısa müddətdə neftin 1 barreli 35 dollaradək ucuzlaşacaq. Hətta bu enişin 30 dollara qədər davam edəcəyini proqnozlaşdıran nüfuzlu ekspertlər də var”.

Iqtisadçıya görə, bu toplantı bir daha göstərdi ki, Azərbaycan hakimiyyəti neftə bağlı nəinki siyasətinə yenidən baxmalı, hətta bu sahədəki ümidlərinə belə son qoymalı və ləngimədən iqtisadi islahatlara başlamalıdır. “Birinci rübün nəticələrinə görə, son 20 ildə ilk dəfə olaraq iqtisadiyyatın 3,5 faiz kiçilməsi, son 15 ildə ilk dəfə olaraq xarici ticarət balansında 291,5 milyon dollarlıq mənfi saldonun yaranması artıq islahatların yubanmasının ciddi fəsadlarını ifadə edir”, deyə Q.Ibadoğlu vurğulayıb.

samir-eliyev-iqtisadci

Iqtisadçı Samir Əliyev bildirdi ki, Doha görüşünün əsas təşəbbüskarı Rusiya idi. ABŞ-ın slans neftini bazara çıxarmasının, Iranın bazara daxil olmasının yeni situasiya yaratdığını deyən S.Əliyev bildirdi ki, nəticədə heç kim öz hasilatını azaltmaq istəmir: “Sudiyyə Ərəbistanı baş verənləri yaxşı anlayır. Ən azı 70-ci illərin sonlarında Səudiyyə Ərəbistanı öz hasilatını kəskin azaltmışdı. Amma bu addımdan sonra qiymətlər qalxmadı, hətta Səudiyyə Ərəbistanı bazardakı payını itirdi. Sonradan illər tələb olundu ki, bu dövlət həmin payı yenidən bərpa etsin. Hazırda neftin qiyməti düşməyə başlayıb. Amma hələlik ciddi düşmədən söhbət getmir. Proqnozlara görə, neftin qiyməti 35 dollara qədər düşə bilər. Amma neftin 30 dollardan aşağı düşməsi gözlənilmir”.

S.Əliyev onu da bildirdi ki, Azərbaycan büdcəsində neftin qiyməti 25 dollardan götürülüb. Amma neftin qiymətinin düşməsi Neft Fondunu zərbə altında qoyacaq. “Neft Fondunda böyük bir kəsir var. Əgər neft ucuzlaşsa, o kəsiri örtmək çətin olacaq”.

Xəyal