51 siyasi partiyanın hesabatı dərc olunub

msk binaAzərbaycan qanunvericiliyi siyasi partiyaların illik maliyyə hesabatlarını aprelin 1-dən gec olmayaraq Mərkəzi Seçki Komissiyasına təqdim etməsini nəzərdə tutur. Aprelin 15-dək 55 rəsmi siyasi partiyadan 51-nin hesabatı MSK-nın saytında dərc olunub.

Transparency.az bildirir ki, Azərbaycan Xalq Cəbhəsi Partiyasının maliyyə hesabatından 2015-ci ildə qurumun heç bir gəlirinin və xərcinin olmadığı görünür. Hesabata əsasən, partiyanın hər hansı əmlakı və maliyyə vəsaiti də yoxdur.

Azərbaycan Liberal Partiyasında da eyni vəziyyətdir. 2015-ci ildə Liberal Partiyasının hər hansı gəliri və xərci olmayıb.

Parlamentdə təmsilçiliyi yenicə itirən Ümid Partiyası 2015-ci ildə dövlət büdcəsindən 106 min 934 manat vəsait alıb. Partiya bu vəsaitin 106 min 903 manatını xərcləyib. Pulun 49 min 953 manatı partiyanın saxlanmasına və informasiya təminatına sərf edilib. 56 min 949 manat cari işlərə xərclənib. Amortizasiya xərcləri 1158 manat olub.

Milli Məclisdə təmsil olunan Demokratik İslahatlar Partiyasına ötən il dövlət büdcəsindən 106 min 934 manat verilib. Partiya cari işlərə 75 min 84 manat, qurumun saxlanmasına 31 min 848 manat xərcləyib.

Digər parlament partiyası – Vətəndaş Həmrəyliyi Partiyası 2015-ci ildə dövlət büdcəsindən 138 min 986 manat götürüb. Partiyanın 137 min 322 manat xərci çıxıb.

Transparency.az xatırladır ki, maliyyə hesabatına görə, hakim Yeni Azərbaycan Partiyasının 2015-ci ildə cəmi xalis aktivləri (kapitalı) və öhdəlikləri 16,2 milyon manat olub. Partiyanın ehtiyat fondunda 9,5 milyon manat vəsait olduğu qeyd edilir.

Hesabata əsasən, 2015-ci ildə YAP üzvlük haqlarından 6,2 milyon manat əldə edib, dövlət büdcəsindən 1 milyon 148 min 601 manat alıb.

Partiyanın saxlanmasına və informasiya təminatına 4,2 milyon manat, ictimaiyyətlə əlaqələrə və seçkilərin keçirilməsinə 760,9 min manat xərcləndiyi qeyd olunur.

YAP ötən il 7,4 milyon manat gəlir əldə edib, 7,1 milyon manat xərcləyib.