Nazirlərin tikinti biznesi əllərindən alınır

memurlar1Paşayevlər bu sahəni bir əldə cəmləşdirir

Ölkə başçısı Ilham Əliyevin sərəncamı ilə sosial evlərin tikintisi ilə məşğul olacaq Prezident yanında Mənzil Inşaatı Dövlət Agentliyi və agentliyin tabeliyində “MIDA” Məhdud Məsuliyyətli Cəmiyyət yaradılıb.

Yeni agentlyin əsasnaməsinə görə, başlıca hədəflərdən biri vətəndaşların güzəştli mənzil əldə etmələrinə şərait yaratmaqdır.

Binaların tikintisini “MIDA” MMC-nin vəsaitləri hesabına kənar tikinti şirkətləri həyata keçirəcək. Inşaat xərclərinin ödənmə qaydalarını agentlik müəyyənləşdirəcək. Binaların tikintisi “MIDA” MMC-nin sərəncamındakı torpaq sahələrində gerçəkləşdiriləcək. Agentliyin müraciəti əsasında ətraf ərazidən mühəndis-kommunikasiya təminatı sistemi və xətlərinin çəkilməsi dövlət büdcəsinin vəsaiti hesabına çəkiləcək. Bu işlərlə bağlı tədbirlər Nazirlər Kabinetinə tapşırılıb.

Nazirlər Kabineti agentliyin müracəti əsasında torpaq sahələrinin MMC-nin sərəncamına verilməsini təmin edəcək. Bundan ötrü yaşayış zonalarına (həyətyanı sahələri olan fərdi yaşayış və bağ evlərinin tikintisi üçün nəzərdə tutulan ərazilər istisna olmaqla) və ictimai-işgüzar zonalara aid edilən, hüquqi və fiziki şəxslərin istifadəsində və ya icarəsində olmayan dövlət mülkiyyətindəki torpaq sahələri MMC-yə pulsuz təqdim ediləcək. Bəzi hallarda torpaq sahələrinin xüsusi və ya bələdiyyə mülkiyyətindən ödənişli əsasla alınması da nəzərdə tutula bilər.

Yaşayış mənzillərinin hansı şərtlərlə verilməsi hələ dəqiqləşdirilməyib. Agentlik vətəndaşların çoxmənzilli binalardan güzəştli mənzil əldəetmə qaydasına dair təkliflərini 2 ay müddətində prezidentə təqdim edəcək.

Qeyd edək ki, Dövlət Tarix-Memarlıq Qoruğu Idarəsinin rəisi Samir Nuriyev tutduğu vəzifədən azad edilən yeni yaradılan agentliyə direktor təyin olunub. Məlumatlara görə, Samir Nuriyev Paşayevlərin kadrıdır.

Mənzil Inşaatı Dövlət Agentliyinin yaradılması ilə bağlı müxtəlif mülahizələr səsləndirilir. Bəzi ekspertlər bunu vətəndaşların mənzil şəraitinin yaxşılaşdırılacağı kimi qiymətləndirirlər. Əslində isə məsələ başqadır. Məsələ burasındadır ki, hazırda əksər dövlət qurumları öz işçiləri üçün yaşayış binası tikir. Bundan sonra bu funksiyanı yeni yaradılan agentlik yerinə yetirəcək. Bir qədər sonra isə sözügedən agentliyə yeni səlahiyyətlərin veriləcəyi gözlənilir. Bura dövlət qurumları üçün inzibati binaların və digər tikililərin inşa edilməsi daxildir. Bu halda dövlət qurumlarının tabeliyində olan əsaslı tikinti idarələri ləğv olunacaq. Beləliklə, nazirlərin tikinti biznesi, dövlət tikintisi bir əldə cəmləşəcək. Digər tərəfdən Bakıdakı köçürmələrin (“Sovetski”, Alatava və sökülməsi planlaşdıralan digər ərazilər) də bu quruma həvalə ediləcəyi şübhəsizdir.