Türkiyədə universitet tələbəsi Özgecan Aslanı öldürdüklərinə görə ömürlük həbs cəzasına məhkum edilənlərdən Ahmet Suphi Altındöken ona edilən silahlı hücum nəticəsində öldürülüb, atası Necmettin Altındöken isə yaralanıb.
Ahmet Suphi Altındökenin Adanada E tipli qapalı həbsxanada məruz qaldığı silahlı hücumdan sonra aparıldığı xəstəxanada keçindiyi xəbər verilib.
Eyni cinayətə görə cəza çəkməkdə olan Necmettin Altındökenin qarın boşluğu və ayağından yaralandığı bildirilir.
Ürəyinə yaxın nahiyədən güllə yarası alan Ahmet Suphi Altındöken dərhal cərrahiyə əməliyyatı olunsa da, həkimlər onun həyatını xilas edə bilməyiblər.
Ədliyyə Nazirliyi baş vermiş hadisənin araşdırılması üçün müstəntiqlər göndərib.
Bu arada xəstəxanada da ciddi təhlükəsizlik tədbirləri görülüb.
Hücumda istifadə edilmiş tapançanın 6, 35 millimetr çapında olduğu bildirilir.
Tələbə Özgecan Aslanın böyük ictimai hiddətə səbəb olmuş qətlinə görə Ahmet Suphi Altındöken, onun atası Necmettin Altındöken və dostu Fatih Gökçe sərt rejimli həbsxanada ömürlük həbs cəzasına məhkum edilmişdilər.
Bu hadisə bütün Türkiyə boyunca misilsiz ictimai rezonans yaratmışdı.

Özgecan Aslanın qatili öldürülüb
•


