“Əli Kərimlinin rəqibləri belə ona qarşı olan bu iyrəncliyi lənətləyir”

gultekin-hacibeyli1Gültəkin Hacıbəyli: “Bu hakimiyyət bu millətdən olmadığı üçün onun ləyaqətinə, qeyrətinə, mərdliyinə də bələd deyil”

Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü, keçmiş millət vəkili Gültəkin Hacıbəyli AXCP sədri Əli Kərimlinin evi qarşısında hakimiyyətin təşkil etdiyi rüsvayçı etiraz şoularına münasibət bildirib. O, feysbuk səhifəsində yazıb ki, hakimiyyət bununla yalnız özünü biabır edir. Əli Kərimliyə isə cəmiyyətin rəğbəti birə-beş artır:

– Hakimiyyət 2013-cü ildə mənə qarşı iyrənc mətbuat konfransı keçirib oğlumu əlimdən almaq istəyəndə küçədə tanımadığım insanlar məni saxlayıb dəstəyini, sevgisini ifadə edirdi. Tanımadığım qonşularım qapımı döyüb “sizinlə fəxr edirik, bizə görə nə qulluq?” deyirdi. Bu hakimiyyət bu millətdən olmadığı üçün onun ləyaqətinə, qeyrətinə, mərdliyinə də bələd deyil.

Dünən Əli Kərimliyə qarşı iyrənc aksiya təşkil ediblər. Əli bəyin yazdığı cavab statusuna bir günün içində 15 min bəyənmə gəlib. Bir gün ərzində səhifəsini bəyənənlərin sayı 3 min nəfər artıb. Dünən Əli bəyin tərəfdarı olmayan və onu fb-da təqib etməyən bir rəfiqəm zəng vurub deyir ki, “bu aksiyadan sonra Əli bəyin statuslarını oxudum, adam nə qədər intellektual, dərin, nöqtəsi-vergülünədək yerində, həqiqəti yazırmış”. Hətta Əli bəyin siyasi opponentləri belə ona qarşı olan bu iyrəncliyi lənətləyir, dəstəyini ifadə edirlər.

Brejnev dövrünün naftalin iyi verən texnolgiyaları ilə hakimiyyət yalnız bu rüsvayçı nəticəni əldə edə bilərdi. Hakimiyyət anlamalıdır ki, artıq 21-ci əsrdir, texnologiya, sosial şəbəkələr əsridir. İndi hər fəal vətəndaş özü bir kütləvi informasiya vasitəsidir və bu şəraitdə insanları aldatmaq artıq mümkün deyil.