Şəhid dəfnində iştirak edirlər
Ötən yazılarımızda da qeyd etmişdik ki, cəbhədə baş verənlərə hökumətin reaksiyası adekvat olmadı. Söhbət təkcə xalqın mübarizə əzminin hökumətdə olmamasından getmir, xalqdan fərqli olaraq hökumət nümayəndələri şəhidlərin dəfnində gözə dəymədilər.
Hansıki, hazırda bundan önəmli məsələ yoxdur və onlarla şəhid vermişik. Bütün nazirlər, deputatlar, administrasiya yetkililəri dəfn mərasimlərində iştirak etməli, xalqın dərdinə şərik olduqlarını nümayiş etdirməliydilər. Yəni hökumət bu sınaqdan da üzüağ çıxmadı.
Bütün bunlara baxmayaraq son günlər biabırçı bir təbliğat start götürüb. Bir neçə deputat şəhidlərin dəfnində iştirak edib və bunu bəzi hökumətyönlü saytlar elə tirajlayır ki, sanki deputatlar böyük jest ediblər. Bəlkə, buna görə deputatlara təşəkkür etməliyik, bəlkə, bu “əziyyət”lərini alqışla qarşılamalıyıq.
Yuxarıda da qeyd etdiyimiz kimi, bütün hökumət komandası bu dəfn mərasimlərində iştirak etməliydi və bu onların borcudur. Hökumət münaqişənin ədalətli həllinə nail ola bilsəydi, həqiqi atəşkəsə nail olsaydı, bu vəziyyət də baş verməzdi. Həm də hökumət xalqın xidmətçisidir və şəhidin ayağına getməyə məhkumdur.
Onlar fəxr etməlidilər, özlərinə şərəf bilməlidilər ki, şəhid dəfnində iştirak edirlər. Konkret bizim hökumətə gəlincə, şəhid ailəsi qarşısında yüzqat təzim etməlidilər. Çünki, onlar bu xalq qarşısında heç vaxt hesabat verməyiblər, dövlətin sərvəti hesabına aşırı dərəcədə varlanıblar, şəhid ailələrinə lazımi qayğını göstərməyiblər. Yəni bu hökumət xalq qarşısında gözükölgəli, dili qısadır.
Ona görə də 1-2 deputatın dəfndə iştirakını reklam etməyə, bunu jest kimi tirajlamağa ehtiyac yoxdur. 64 nəfərin şəhid olduğu bildirilir, amma 1-2 hökumət sözçüsündən başqa heç kimin başsağlığı verdiyinin, döyüş bölgəsinə getdyinin şahidi olmamışıq. Baş nazirindən, onun məmurlarından tutmuş, 20-25 il parlamenti zəbt etmiş deputata qədər heç kimdən səs çıxmır. Sanki qara buludlar bu ölkənin başı üstündə əsmir.
Amma mayın 10-da keçiriləcək Heydər Əliyevin ad gününə (ona “Gül bayramı” deyirlər) hazırlıq gedir və bütün komanda bu tədbirdə intizamla iştirak edəcək.
Samir



