Elxan Şahinoğlu: «Ermənistan Cənubi Qafqazda Rusiya-Türkiyə qarşıdurmasının yaranmasını istəyir»
Aprelin 5-də Ermənistanın təklifi ilə Azərbaycan atəşkəs rejiminin ləğv olunmasına razılıq versə də, Ermənistan buna əməl etmir. Ötən bir neçə gün ərzində mövqelərimiz yenidən atəşə tutulub. Amma atəşkəsin son pozuntusunda maraq doğuran məqamlar da var. Belə ki, Ermənistan bu dəfə Naxçıvanda yerləşən mövqelərimizi atəşə tutub.
Siyasi təhlilçilər bunu təsadüfi qiymətləndirmir. Onların fikrincə, atəşkəsin pozuntusu zamanı Naxçıvana hücum edilməsi məqsədyönlüdür. Belə ki, Türkiyənin Qars müqaviləsinə görə Naxçıvan qarşısında bir sıra öhdəlikləri var. Yəni müqaviləyə görə, Naxçıvanın aktiv hərbi əməliyyatlara cəlbi Türkiyənin proseslərə müdaxilə etməsiylə nəticələnə bilər. Ekspertlərə görə, Ermənistanın istəyi məhz budur. Bu zaman Ermənistan Rusiyanın proseslərə müdaxilə etməsinə əsası olacaq. Yəni Ermənistan Türkiyəni konfliktə cəlb etməklə iki iri dövləti Cənubi Qafqazda qarşı-qarşıya qoymaq istəyir.
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu bildirdi ki, adətən atəşkəsin Qarabağ istiqamətindən pozulmasına öyrəşmişdik. Hətta atəşkəsin sərhəd boyu Qazax və Tovuzda da pozulduğunu deyən E.Şahinoğlu vurğuladı ki, amma Naxçıvanda atəşkəsə riayət olunurdu: “Ancaq cəbhə bölgəsində vəziyyət dəyişən kimi Ermənistan Naxçıvanı da hədəf almağa başlayıb. Görünür, bu həm də Ermənistanın uğursuzluq sindromu ilə bağlıdır. Çünki Ermənistan Qarabağ istiqamətində bir sıra mühüm mövqelər itirib. Sərkisyanın bunu cəmiyyətə və müxalifətə necə həzm etdirəcəyi maraq doğurur. Amma Naxçıvanda baş verənlər Ermənistanın növbəti təxribatıdır. Təxribatın da əsas hədəfi prosesə Rusiyanı qatmaqdır. Ermənistan Cənubi Qafqazda Rusiya-Türkiyə qarşıdurmasının yaranmasını istəyir. Çünki Qars müqaviləsinə görə, Türkiyə Naxçıvanın təhlükəsizliyinə təminat verir. Ermənistan Naxçıvana qarşı həmlələrə davam etsə, Ərdoğan buna ciddi reaksiya verəcək. Prosesə sonra Rusiya da qarışa bilər”.
E.Şahinoğlu hesab edir ki, Ermənistanın məqsədi vəziyyəti daha da gərginləşdirib Qarabağdakı uğursuzluqları regional toqquşmaya çevirməkdir.
Xəyal



