Elşən İsmayılov: «Nə eləmişəm, əcəb eləmişəm. Söyüb, mən də vurmuşam. Bəsdirin də…»
Vəkillər Rasim Əliyevin ölümünə görə həkimlərin məsuliyyətə cəlb olunmasını tələb etdi
Jurnalist Rasim Əliyevin döyülüb öldürülməsilə bağlı martın 1-də keçirilən məhkəmə iclasında dava düşüb. Təqsirləndirilən şəxslərdən Elşən Ismayılovun vəkili Səfər Hüseynov gecikdiyinə görə hakim Eldar Ismayılov prosesdə fasilə elan edib. Elə insident də fasilə zamanı baş verib. Məhkəmə zalındakı şüşə kabinədə olan təqsirləndirilən şəxslərin öz aralarında danışıb-gülməsi Rasim Əliyevin anası Teyfurə Əliyevanı hiddətləndirib.
Zərərçəkmiş təqsirləndirilən şəxslərin ünvanına kəskin ifadələr səsləndirib: “Bütün Azərbaycan sizi söyür, siz isə gülürsüz. Sizdə sifət var… Utanmır, anasını atıb ortaya (Elşən Ismayılovun ana söyüşünə görə Rasim Əliyevlə görüşə getməsi barədə dediklərini nəzərdə tutur-red.). Rasim sizin hansınızı tanıyırdı, ay küçə uşaqları?”
Teyfurə Əliyevanın dediklərinə Elşən Ismayılov belə cavab verib: “Nə eləmişəm, əcəb eləmişəm. Nə edim, özümü öldürüm? Söyüb, mən də vurmuşam. Bu da o deyil ki, pulqabı oğurluğunu da yüklədilər mənə. Onun pulqabısını görənin atasına lənət. Söyməsəydi, bütün bunlar da olmazdı. Bəsdirin də…”
Bu zaman Rasim Əliyevin nişanlısı Gülər Abbasova ilə təqsirləndirilən şəxslərdən Kənan Mədətovun anası arasında da mübahisə baş verib. Gülər Abbasovanın da kəskin ifadələr səsləndirməsi qarşı tərəfin narazılığına səbəb olub.
İnsidentlə əlaqədar tərəflər çıxarılıb və məhkəmə zalı boşaldılıb.
Fasilədən sonra məhkəmə iclasında zərərçəkmiş Teyfurə Əliyevanın nümayəndəsi Fariz Namazlı çıxış edib. O, məhkəmə prosesində vəsatətlərinin təmin olunmamasından, özəlliklə həkimlərin məsuliyyətə cəlb edilməməsindən narazılığını ifadə edib: “Rasim xəstəxanaya gedəndən sonra 6-7 saat ərzində onun ölümünə səbəb olan ağrıları olmayıb. Bu, onun xəstəxanada verdiyi müsahibədən də görünür. Həkimlərin istitaqa ifadələrindən məlum olur ki, Rasim Əliyev xəstəxanaya daxil olarkən rentgen müayinəsindən keçib, lakin onda hər hansı daxili qanaxma müəyyən edilməyib. Ekspert rəyində isə daxili qanaxma olmasından bəhs olunur. Xahiş edirəm, həkimlərin fəaliyyətinə qiymət verəsiniz”.
Ardınca Teyfurə Əliyeva çıxış edərək deyib ki, bu iş üzrə müttəhimlər kürsüsündə bu beş nəfərlə yanaşı, futbolçu Cavid Hüseynov və həkimlər də oturmalı idi. Zərərçəkmiş həmçinin təqsirləndirilən şəxslərə ən ağır cəzanın verilməsini istəyib: “Mənə qalsa, onlara ölüm cəzası verərəm. Ölüm yoxdursa, ömürlük həbs olunsunlar. Amma qanun imkan vermir. Onlara ən ağır cəzanın verilməsini tələb edirəm. Onlar Rasimi aldadıb, üzr istəmək adıyla çağırıblar. Hamısı da yaxşı bilib ki, hara gedir, niyə gedir. Heç vaxt bunları bağışlaya bilmərəm. Onlar indi gülürlər, eybi yox, anaları mənim günümə qalanda da mən güləcəm…”
Təqsirləndirilən Elşən Ismayılovun vəkili Səfər Hüseynov bildirib ki, müdafiə etdiyi şəxsə CM-nin 177-ci (oğurluq) maddəsilə verilən ittiham tamamilə əsassızdır və bu maddə ilə ona bəraət verilməlidir. Müdafiəçi də çıxışında jurnalistin ölümündə həkimlərin məsuliyyətindən danışıb: “Bütün ifadələrdən aydın görünür ki, orada pul kisəsi olmayıb və Elşən Ismayılov onu oğurlamayıb. Buna görə ona oğurluq ittihamı üzrə bəraət verilməlidir. Rasimi müayinə edən həkimlər də məsuliyyətdən kənarda qaldılar. Onun ölümünə səbəb həkim səhlənkarlığıdır. Bu adam 8 saat xəstəxanada qalıb, müsahibə verib. Əgər onun vəziyyəti ağır olsaydı, anası xəstəxanada elə qoyub getməzdi. Elşənin ittiham olunduğu 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olma) maddə 126.1-ə tövsif edilməlidir”.
Səfər Hüseynov məhkəmədən cəza təyin edərkən Elşən Ismayılovun polisə könüllü getməsi, məcburi köçkün olması kimi məqamların nəzərə alınmasını istəyib və ona cəzanın aşağı həddinin təyin olunmasını xahiş edib.
Digər təqsirləndirilən Camal Məmmədovun vəkili Şəmsəddin Quliyev isə müstəntiq səhvlərindən danışıb: “Əgər Elşənin 500 dostu ora getsəydi, hərəsi Rasimə bir barmaq vursaydı, hamısını tutmaq lazım idi? Hesab edirəm ki, cinayət işinin materiallarında qanunsuzluqlar var. Müstəntiq yalan ifadələrlə ittiham aktı düzəldib. Sənədlərin heç biri düzgün tərtib edilməyib”.
Bu müdafiəçi də jurnalistin ölümünə görə həkimləri günahlandırıb. Qeyd edib ki, Rasim Əliyev xəstəxanaya daxil olarkən çəkilmiş rentgenin nəticəsi işə əlavə edilməyib.
Həkimlərin izahatlarında onun xəstəxanaya daxilolma, əməliyyata götürülmə saatları ilə bağlı uyğunsuzluqlar var. Bu faktlar ciddi araşdırılmalı və həkimlərin səhlənkarlığı tanınmalıdır”.
Şəmsəddin Quliyev Camal Məmmədova verilmiş ittihamın CM-nin 221-ci (xuliqanlıq) maddəsinə tövsif olunmasını istəyib.
Məhkəmə prosesi martın 3-də digər vəkillərin müdafiə çıxışı ilə davam edəcək.
Rasim Əliyev “facebook”da futbolçu Cavid Hüseynov barədə status yazandan sonra, 2015-ci il avqustun 8-də bir qrup şəxs tərəfindən döyülüb. Avqustun 9-da səhərə yaxın xəstəxanada vəfat edib. Bununla əlaqədar altı nəfər həbs olunub. 5 nəfər CM-nin 126.3-cü (qəsdən sağlamlığa ağır xəsarət yetirmə ölümə səbəb olduqda) maddəsi ilə ittiham olunur. Prokuror təqsirləndirilən şəxslərdən Elşən Ismayılov və Arif Əliyevin hər birinə 14 il, Camal Məmmədova 12 il, Kənan Mədətov və Samir Mustafayevin hərəsinə isə 11 il 6 ay olmaqla, təqsirləndirilən şəxslərə ümumilikdə 63 il həbs cəzası istəyib.
Cavid Hüseynov isə yalnız CM-nin 307.1 (ağır cinayətin hazırlanması və ya törədilməsini bilib xəbər verməmə) və 307.2-ci (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələri ilə təqsirləndirilir. Cavid Hüseynovun işi üzrə icraat ayrılıb və hazırda onun da məhkəməsi davam edir.