Ötən il yarıtmaz siyasətin acı nəticələri ilə yadda qalıb
Bu ölkədə hesabat vermək ənənəsi çoxdan unudulub. Mövcud hakimiyyət bütün dövrlərdə xalqa yalan vədlər verib, inkişaf nağılları uydurub. Əgər Azərbaycanda hesabatlı bir hökumət olsaydı, maaşla dolanmalı olan məmurların milyonluq villalarının, şirkətlərinin, avtomobillərinin necə əldə olunduğunu bilərdik. Hətta prezident də öz gəlirləri haqqında məlumat vermir və gəlir deklorasiyası haqqında qanun hələ də qəbul edilmir. Bugünə qədər müşahidə etdiyimiz bütün konfranslar, müşavirələr yalnız olmayan uğurların tirajlanmasından ibarət olub.
Bütün bunları ona görə xatırladıq ki, qarşıda yeni hesabat olacaq. Belə ki, parlamentin növbəti iclası martın 15-də keçiriləcək və baş nazir Artur Rəsizadə 2015-ci ilin hesabatını verəcək.
Görəsən, baş nazir nəyin hesabatını verəcək? 2015-ci ildə hansı işlər görülüb və hansı müsbət nəticə var? Reallıq budur ki, ötən il milli valyuta 2 dəfə “qəza”ya düşüb və “şikəst” qalıb. Reallıq budur ki, ötən il bütün məhsulların qiyməti 30-40 faiz artıb. Reallıq budur ki, ötən il sosial vəziyyətin ağırlığına görə daha çox adam intihar edib, məsuliyyətsizlik səbəbindən dənizdə neftçilər, penoplast üzlü binada sakinlər həlak olub. Ötən il büdcəmiz azalıb, banklar müflis olub, vətəndaşlar sürətlə borclanmaya gedib, ixtisarlar artıb, yoxsulluq səviyyəsi yüksəlib və s.
Indi baş nazir nədən danışacaq? Bəlkə, banklara borclu olanların sayı azalıb, neftdən asılılığımız azalıb, korrupsiyanın kökü kəsilib, monopoliya ləğv edilib, təhsildə uğurlara imza atmışıq, Qarabağ məsələsində irəliləyiş olub, bəlkə xarici borcumuz azalıb və bizim xəbərimiz yoxdur?
Hamının gördüyü və bildiyi həqiqət budur ki, 2015-ci il, 2014-cü ildən daha ağır olub və hökumətin yarıtmaz siyasəti ölkəni daha dərinə batırıb.
Amma məsələ bununla da bitmir. Baş nazir ölkədə bu qədər təlatümlər baş versə də səsini çıxarmayıb. Bu adamın hansısa telekanala, hansısa mətbuat orqanına açıqlama verdiyini, hansısa ərazidə məskunlaşmış vətəndaşlara izahat verdiyini görməmişik. Ilin 365 gününü susmaqla başa vuran adam, necə hesabat verə bilər? Yeganə təsəllimiz budur ki, baş nazirimiz Qazaxıstanın baş nazirinin birinci müavininə lətifə danışıb. Hətta Artur Rəsizadənin müavinlərinin də prinsipial məqamlarda xalqa izahat verdiyini görmədik.
Yaqub Eyyubov yalnız ölkəyə qonaq gələndə üzə çıxır. Abid Şərifovu bina yananda, zəlzələ olanda görürük, Ismət Abbasov ümumiyyətlə yoxa çıxıb, Əli Əhmədov bu müddət ərzində dərmanların qiymətinin endirilməsindən və tibbi sığorta haqqında qanundan danışdı ki, bu da iflasla nəticələndi.
Göründüyü kimi nə baş nazir, nə də onun müavinləri cəmiyyəti silkələyən heç bir hadisəyə adekvat münasibət sərgiləməyiblər.
Hökumət komandasında 2-3 adam var ki, bütün məsələlərə onlar cavab verir. Qalanları sadəcə görüntü xarakteri daşıyır. Yəni, haqqında danışılacaq heç bir müsbət nümunə yoxdur. Qısası, Artur Rəsizadə ölkənin baş naziri kimi, ölkənin başına gətirilənlərin hesabatını verməlidir. Həm də Milli Məclisin deputatlarının qarşısında deyil, canlı efirdə xalqın qarşısında hesabat verməlidir.
İlham