AXCP sədrinin müavini onun işinə baxan hakimə nə məsləhət gördü?
«Bu məhkəmələrdə hüquq qorunmur, tapdalanır»
Martın 2-də Nəsimi Rayon Məhkəməsində AXCP sədrinin həbsdə olan müavini Fuad Qəhrəmanlı ilə bağlı iki işə baxılıb. Bu məhkəmə proseslərindən biri Fuad Qəhrəmanlının vəkilinin vəsatəti, digəri isə Baş Prokurorluğun təqdimatı əsasında keçirilib. Hər iki məhkəmə prosesində Fuad Qəhrəmanlı özü də iştirak edib.
Əvvəlcə girov müqabilində Fuad Qəhrəmanlının barəsində həbs-qətimkan tədbirinin dəyişdirilməsilə bağlı vəsatətə baxılıb. Qapalı keçirilən məhkəmə iclası barədə “Azadlıq”a məlumat verən vəkil Fəxrəddin Mehdiyev bildirib ki, hakim Elman Isayev vəsatəti təmin etməyib. Amma hakim vəsatətin hansı əsasla təmin olunmadığını öz qərarında göstərməyib.
“Hakim qərarını əsaslandırmadı. Qərarı alan kimi apellyasiya şikayəti verəcəyik”, – deyə Fəxrəddin Mehdiyev bildirib.
Baş Prokurorluğun təqdimatı isə Fuad Qəhrəmanlı barəsində həbs-qətimkan tədbirinin uzadılması haqda olub. Bu məhkəmə prosesinə isə hakim Şəlalə Həsənova sədrlik edib. Dekabrın 8-də Fuad Qəhrəmanlının həbs olunması barədə qərarı da bu hakim vermişdi. Fəxrəddin Mehdiyev deyir ki, işə bu hakimin baxmasına etiraz etmək istəsə də, sonradan fikrindən danışıb. Daha doğrusu, Fuad Qəhrəmanlı Azərbaycanda məhkəmə sistemindəki vəziyyəti, hakimlərin qərar vermə prinsiplərini nəzərə alaraq, buna ehtiyac görməyib: “Fuad Qəhrəmanlı saxlanıldığı gün onun barəsində heç bir əsas olmadan həbs-hətimkan tədbirinin seçilməsinə dair qərarı da bu hakim vermişdi. Üstəlik, Fuad Qəhrəmanlıya elan olunan ittihamlar az ağır cinayətlər kateqoriyasına daxil olduğu halda, bu xanım hakim öz qərarında ittihamı ağır cinayətlər kateqoriyasına aid eləmişdi. Məsləhətləşərkən Fuad Qəhrəmanlı bildirdi ki, etiraza ehtiyac yoxdur. Çünki bundan alıb hansı hakimə versələr, o da deyiləni yerinə yetirəcək.
Məhkəmə iclasında həbs müddətinin uzadılmasına etiraz etdik. Bildirdik ki, bu iş artıq məhkəməyə göndərilməlidir. Biz Fuad Qəhrəmanlı barəsində cinayət işini də, həbs-qətimkan tədbiri seçilməsinə dair qərarı da qanunsuz hesab edirik. Amma bununla belə, istintaqın səmərəliliyi baxımından istənilən halda, cinayət işi məhkəməyə göndərilməlidi. Demək olar ki, Fuad Qəhrəmanlı ilə bağlı heç bir istintaq hərəkəti aparılmır. Istintaq aparılmadığı halda, həbsdə saxlanılması isə ona əzab, işgəncə verməkdən başqa bir şey deyil.
Fuad Qəhrəmanlının özü də çıxış etdi, onun hakimə müraciəti oldu. Dedi ki, “müşavirə otağına getməyə dəyməz, çünki istəsəniz belə, qərarı dəyişə bilməzsiniz. Nə deyiblərsə, o da olacaq. Istənilən halda, bu məhkəmələrdə hüquq qorunmur, tapdalanır. Ona görə heç getməyin, elə qərarı oxuyun, bitsin”. Təəssüf ki, məhkəmə təqdimatı təmin etdi və Fuad Qəhrəmanlı barəsində həbs-qətimkan tədbirinin müddəti daha iki ay uzadıldı. Əslində, qərarın belə də olacağını gözləyirdik”.
Bu qərardan da apellyasiya şikayəti veriləcəyini deyən Fəxrəddin Mehdiyev qeyd edib ki, Fuad Qəhrəmanlının səhhətində problemlər var: “O, şəkər xəstəliyindən əziyyət çəkir. Təcridxanada da ailəsinin göndərdiyi dərmanları qəbul edir”.
Xatırladaq ki, Fuad Qəhrəmanlı “facebook” səhifəsində yazdığı statuslara görə dekabrın 8-də həbs olunub. Ona qarşı Cinayət Məcəlləsinin 281-ci (dövlət hakimiyyəti əleyhinə çağırışlar etmə) və 283-cü (milli, irqi, sosial, dini nifrət və ya düşmənçiliyin salınması) maddələrilə ittiham irəli sürülüb. Fuad Qəhrəmanlı ittihamları qəbul etmir və siyasi fəaliyyətinə görə sifarişlə həbs olunduğunu bildirir.
Aytən