mehman-aliyev-yeni1

Əliyev siyasi islahatlara məcbur edilir

mehman-aliyev-yeni1Mehman Əliyev: «Beynəlxalq aləm Azərbaycana iqtisadi yardımın müqabilində siyasi öhdəliklərin icrasını tələb edir»

Qərbin Azərbaycan hakimiyyətinə qarşı siyasi təzyiqləri artmaqdadır. Bunu Qərbdən gələn mesajlar da sübut edir. Bu mesajlardan biri bir neçə gün əvvəl elə Bakıda dilə gətirilib. Fevralın 29-da “Cənub Qaz Dəhlizi” Məşvərət Şurası çərçivəsində nazirlərin ikinci toplantısı baş tutdu.

Dövlət başçısı Ilham Əliyev bildirib ki, “Cənub Qaz Dəhlizi” layihəsinin həyata keçirilməsi Azərbaycan, Gürcüstan, Türkiyə və digər ölkələr arasında səmərəli əməkdaşlığı daha da genişləndirəcək. “Enerji təhlükəsizliyi bu gün dünya siyasətində, beynəlxalq təşkilatların gündəliyində mühüm yer tutur”,- deyən Ilham Əliyev Azərbaycanın bütün öhdəliklərinə sadiq olduğunu, ölkəmizin hər zaman bazar iqtisadiyyatı prinsiplərini daha da inkişaf etdirdiyini bildirib. O vurğulayıb ki, enerji əməkdaşlığı siyasi tələb məsələsi ola bilməz və bu məsələ hər hansı siyasi formatdan azad olmalıdır.

I.Əliyevin belə bir fikir söyləməsi maraq doğurur. Ekspertlər hesab edir ki, ölkə başçısının belə bir fikir səsləndirməsi səbəbsiz deyil. Xüsusilə bu bəyanatın Azərbaycanda böhranın getdikcə dərinləşdiyi zaman verilməsi konkret məqsədlərə xidmət edir.

Bundan başqa, baş verənlərin fonunda bir məqama da diqqət yetirmək lazımdır. Söhbət Avropa Komissiyasının vitse-prezidenti Federika Mogerininin söylədiklərindən gedir. Mogerini Azərbaycan hakimiyyəti ilə apardığı müzakirələrə işarə edərək vurğulayıb ki, apardığımız müzakirələrin əsas mövzusu insan hüquqları ilə bağlıdır. Mogerini, Azərbaycan hökuməti Şərq Tərəfdaşlığı proqramından narazılığını və AB ilə strateji istiqamətlər üzrə birbaşa əlaqələr qurmaq istəyini bildirib.

Yəni Azərbaycan hakimiyyəti enerji müzakirələri ilə siyasi məqamları ayrı müzakirə etməyə təklif etsə də, Qərb bu proseslərin bir-birindən ayrılmaz olduğunu bildirir. Azərbaycan hakimiyyəti qarşısında siyasi islahatlar, siyasi məhbus probleminin tam çözülməsi ilə bağlı tələblər hər ötən gün daha da artır. Eyni zamanda onun da altı cızılır ki, Azərbaycanla gələcək əməkdaşlıq da məhz hakimiyyət qarşısında qoyulan tələblərin yerinə yetirilməsindən asılıdır. Bundan savayı Mogerini Azərbaycanı Dünya Ticarət Təşkilatına üzv olmağa da çağırıb. Bu üzvlük isə Azərbaycana bir sıra mühüm islahatları reallaşdırmadan mümkün deyil.

“Turan” Informasiya Agentliyinin direktoru Mehman Əliyev bildirdi ki, Azərbaycana yanaşmada insan haqları və demokratiya məsələsi beynəlxalq aləmin gündəmindədir. Azərbaycan hakimiyyətinin çox zəif mövqedə olduğunu deyən M.Əliyev bildirdi ki, bu da iqtidarın üzləşdiyi maliyyə böhranı ilə bağlıdır: “Azərbaycan hakimiyyəti üzləşdiyi problemləri yalnız maliyyə vasitəsilə çözə bilər. Beynəlxalq aləm də bunu çox gözəl başa düşür. Ona görə də hakimiyyətin illərdir həll etmədiyi demokratiya və insan haqları məsələsi bu gün gündəmə gətirilir və Azərbaycana iqtisadi yardıma birbaşa bağlanılır. Yəni Azərbaycana iqtisadi yardımın müqabilində siyasi öhdəliklərin icrası tələb edilir. Qərb bəyan edir ki, iqtisadi islahatlar gündəmdədir və siyasi islahatlar da buna paralel olaraq aparılmalıdır”.

Hakimiyyətin hazırda yenə ənənəvi olaraq vaxt udmağa çalışdığını deyən M.Əliyev qeyd etdi ki, iqtisadi problemləri həll etdikdən sonra yenidən hakimiyyətin Qərblə soyuq münasibətlərə keçəcəyi gözləniləndir: “Ilham Əliyev masada müzakirələrin ayrı keçirilməsini istəyir. Bunu da mövqeyi ilə göstərir. Hakimiyyət bu siyasətini təbliğ etmək üçün lobbiçilərini də işə salır. Amma hakimiyyətin bu səyləri nəticə verməyəcək”.

Xəyal