Bu gün Seymurun ad günüdür. Onu qazamatda təbrik edirəm. Bu, onun öz seçimidir. Kimsə onun üçün həbs qərarını seçə bilməzdi, əgər bunu özü seçməsə və istəməsəydi.
Həbsinə qədərki son illərdə bir yerdə və davamlı ünsiyyətdə olduğumuzdan bilirdim ki, bu həbsi özü öz boyuna biçmişdi və buna görə də çox rahat idi. Indi də çox rahatdır. Məhbəs psixoloji hazırlıq sonrası qəbul etdiyində, çox rahat olur. Bunu hər kəsə arzu edirəm. Yəni, hər kəsin ömründə bir qazamat parçasının olmasını arzu etmirəm. Sadəcə, bu, qaçılmazdısa, özünü ona hazırla və onu azadlığının bir parçası kimi qəbul et. Belədə, çox rahat olur. Seymurun testi də bunu deyir.
Aləmi təcrübə ilə dərk etmək istəyirsinizsə, Seymurun dustaqlığını diqqətlə öyrənin. Məhbəsə aparan yolunu da ilmə-ilmə öyrənin. Öyrənmək azdır, o ilmələri yaşayın və arın-arxayın gedin oturun qazamatda.
Açığını desəm, mən ona tutulmağı qadağan etmişdim. Bu, bizim işlərimizə uyğun gəlmirdi. Amma o getdi və tutuldu. Buna görə də nə o peşmandır, nə də mən peşimanam. Sözün azadlığı uğrunda fəda olmağa dəyər. Sözünün üstündə durduğu üçün ona təşəkkür edirəm!
Seymur siyasi publisistdir, siyasət yazarıdır və birmənalı şəkildə demək olar ki, siyasi analitikanın ən tirajlı müəllifidir. Oturub sakitcə baxa bilməzdi ki, günün birində siyasət onunla maraqlansın. Buna görə də siyasətlə özü məşğul olurdu və avtoritarizmə qarşı ən sərt, barışmaz mövqeyi ilə seçilən Xalq Cəbhəsi Partiyasındadır. Burada onun üçün çox rahat idi. Mübarizəni həyat tərzi seçmiş birisi üçün Xalq Cəbhəsindən daha doğru ünvanı mən də doğru saymazdım. Bu seçim də rahat həyat deyil, amma birmənalı və dürüst mübarizədir. Bundan daha rahat bir həyat varmı?!
Seymur “Azərbaycan Saatı”nın dirəklərindən biri idi. Onun məhbəsə atılması bu dirəyi silkələyə bilməzdi, amma. “Azərbaycan Saatı” sözün üzərindəki diktatorlara qarşı meydan oxuyan bir müstəvidən yayılır və onun yüzminlərlə dayağı var. Həmin dayaqlar Seymurun məhbəs həyatını daha da asudə edir. Indi Seymur bir zamanlar mənim şərəfləndirdiyim həbsxananı şərəfləndirir. 17 saylı cəza çəkmə müəssisəsi Azərbaycanın ən pis həbsxanalarından biridir. Ən pis həbsxana olmaq həbsxananın öz seçimi deyil ki… Həbsxana daşdan-divardan ibarətdir, onun nə seçimi olacaq ki?! Bu reputasiyanı o həbsxanaya yazanlar yazıb. Onu tikənlər- quranlar, içini adamla dolduranlar yazıb. Bizim işimiz isə bu həbsxanaların o sayaq reputasiyasını dəyişmək və onları bircə-bircə şərəfləndirməkdir. Seymur da bu işlə məşğuldur…
Bu gün onun ad günüdür. Seymur bir ölkənin ruhuna hopmuş qürur və dirəniş tarixini yazan adamlardan biridir. Özünün bioqrafiyasını yazmaqla həmin tarixi daha da dərinləşdirən adamlardan biridir. Azərbaycanın bütün şərəfli keçmişi Seymur kimi insanların bioqrafiyasının məcmusudur! Onu həbs edənlərin bioqrafiyası isə bəşəriyyətin qara tarixlərində qaralır. Həmişə də elə olacaq.
Seymuru təbrik edirəm! Hər kəs onu təbrik edir…