Hakimiyyətin “tikinti piarı”

stadion tikintisi rusiyaBöhranın ölkəmizə təsir etmədiyi görüntüsünü yaratmaq üçün yeni kampaniyaya start verilib

Bakı şəhərinin gələcək inkişafı konsepsiyasının əsasını sənaye müəssisələrinin mərhələli şəkildə mərkəzi hissədən çıxarılması prinsipi təşkil edir. APA-nın məlumatına görə, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Abbas Ələsgərov bildirib.

Komitə sədrinin sözlərinə görə, sənaye müəssisələrindən azad olunmuş ərazilərdə isə iri iş mərkəzləri, idman obyektləri, mehmanxanalar, parklar, bulvarlar yerləşdirmək, həmçinin mövcud Dənizkənarı bulvarın Bakı Buxtasının sahil xətti boyunca uzunluğunun 3,5 km-dən 25 km-ə qədər artırılması təklif olunur: “Bu zaman dəniz şelfinin hesabına əldə olunan 50-200 metr enində sahil zolağında iri mehmanxanalar, biznes, ticarət, xidmət və əyləncə obyektləri yerləşdirmək, yeni 8-10 zolaqlı magistral yolların çəkilməsi, bu magistral üzərində Bakı Metropoliteninin yeni xəttinin çəkilməsi, turistlər üçün xüsusi nəqliyyat və elektromobillərlə gəzinti üçün yolların çəkilməsi nəzərdə tutulur”.

Abbas Ələsgərov bildirib ki, Bakı Buxtasının sahil zolağında idman, istirahət və əyləncə obyektləri, çimərliklər yerləşəcək, sahil gəzintiləri üçün biri-biri ilə bağlı olan park və bağlar yerləşəcək. Dövlət Bayraq Meydanı ilə yanaşı, neft muzeyi və akademiyası, müasir incəsənət muzeyi və milli tarix muzeyi də yerləşəcək.

Abbas Ələsgərov həmçinin bildirib ki, Böyük Bakının Regional Inkişaf Planı layihəsinə uyğun olaraq Bakıda Yeni Türkan qəsəbəsi yaradılacaq.

Ekspertlər hesab edir ki, hökumətin bu layihələri reallaşdırmaq imkanı yoxdur. Hakimiyyət sadəcə imitasiya ilə məşğuldur: “Bu imitasiyada məqsəd böhranın ölkəmizə təsir etmədiyi görüntüsünü yaratmaqdır. Kütləvi ixtisarların baş verdiyi, iri layihələrin dayandırıldığı bir vaxtda bu işlərin həyata keçiriləcəyinə inanmaq sadəlövhlükdən başqa bir şey deyil. Bu, ”yeni iş yerləri” ilə bağlı kampaniyadan fərqlənmir”.