«Sənin yalan rəyinə görə mən beş aydır ki, həbsdəyəm…»

mammad-ibrahim-mehkemeMəmməd İbrahim məhkəmədə ekspertə etiraz etdi

Yalçın İmanov: «Azərbaycan vətəndaşının məhrumiyyətlərindən zövq almaq bilmirəm nəyin göstəricisidir»

AXCP Rəyasət Heyətinin həbsdə olan üzvü Məmməd Ibrahimin səhhətində ciddi problemlər var. Bu barədə fevralın 29-da Nərimanov Rayon Məhkəməsində keçirilən iclasda Məmməd Ibrahim özü məlumat verib. O bildirib ki, gözlərində tutulma var, böyrəklərində problemlər yaranıb. Bunu Şüvəlandakı 3 saylı istintaq təcridxanasında onu müayinə edən həkimlər də təsdiqləyib.

Hakim Turqay Hüseynovun sədrliyilə keçirilən iclasda əvvəlcə ittiham tərəfin dörd şahidindən sonuncusu olan Anar Ismayılov ifadə verib. O bildirib ki, Məmməd Ibrahim hazırda iş üzrə zərəəkmiş qismində tanınan Mikayıl Quliyevə yaxınlaşıb və sosial şəbəkələrdə onu niyə təhqir etdiyini soruşub. Şahidin sözlərinə görə, bundan sonra Mikayıl Quliyev ona hücum edib, ünvanına nalayiq ifadələr səsləndirib. Həmin vaxt hadisə yerində olan Vüqar Abbasov, Aqşin Haqverdiyev Mikayıl Quliyevin qarşısını kəsib.

Sonradan işə zərəəkmiş qismində qoşulan, yoldan keçəndə dalaşanları görüb onların ayırmaq istərkən xəsarət aldığını, təhqir olunduğunu iddia edən Oruc Vəliyev və Məhəmməd Qurbanova gəlincə, Anar Ismayılov bildirib ki, hadisə yerində ümumiyyətlə, belə adamlar olmayıb.

Bizim ”torba tikmək” təcrübəmiz yoxdur”

Ötən məhkəmə iclasında Məmməd Ibrahimin vəkili Yalçın Imanov iş üzrə rəy vermiş tibbi ekspert Sirac Dadaşovun əlavə şahid qismində dindirilməsi barədə vəsatət vermişdi. Vəkil bildirmişdi ki, istintaqın qərarında təkbaşına ekspertiza keçirilməsi göstərilsə də, Sirac Dadaşov özbaşınalıq edərək, başqa bir mütəxəssisi də bu prosesə cəlb edib və Mikayıl Quliyevi onun yanına göndərib. Verdiyi rəydə də Fərid Məmmədbəyov adlı həmin mütəxəssisin gəldiyi nəticəyə əsaslanıb. Amma iş materiallarında nə o şəxsin rəyi, nə də imzası var.

Həmin vəsatət əsasında məhkəmə iclasında Sirac Dadaşov dindirilib. Amma o, vəkilin suallarına aydınlıq gətirə bilməyib. Məsələn, izah edə bilməyib ki, təkbaşına ekspertiza keçirilməsinə qərar verilsə də, hansı hüquqi əsasla Fərid Məmmədbəyovu bu prosesə cəlb edib. Yaxud cəlb edibsə də, onun verdiyi rəy hardadır.

Vəkil Yalçın Imanov dəfələrlə Sirac Dadaşovdan hansı hüquqi əsasla bu addımları atdığını soruşanda onun sonda cavabı belə olub: “Görünür, sizin təcrübəniz yoxdur, ona görə bu şeyləri bilmirmiz”.

Ona Yalçın Imanov da özünəməxsus tərzdə cavab verib: “Bəli, torba tikməkdə təcrübəmiz yoxdur”.

Məmməd Ibrahim də ekspertə etirazını bildirib: “Hanı o adamın imzası, rəyi? Bəlkə sən öz rəyində onun adından yalan yazmısan, sənə niyə inanmalıyam? Sənin yalan rəyinə görə mən beş aydır ki, həbsdəyəm”.

İnsana yaraşmayan şərait…

Daha sonra Yalçın Imanov Məmməd Ibrahim barəsində həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması haqda vəsatət qaldırıb: “Ittiham tərəfin bütün şahidləri dindirildi. Məmməd Ibrahim azadlıqda olarsa şahidlərə təsir göstərə biləcəyinə dair ittiham tərəfin son bəhanəsi də aradan qalxdı. Məmməd Ibrahimin barəsində həbs-qətimkan tədbirinin dəyişdirilməsi üçün kifayət qədər prosessual əsaslar var. Bu gün onun həbsinin beş ayı tamam olur. Onun ittiham olunduğu maddə də az ağır cinayətlər kateqoriyasına aiddir. Məhkəmələr də adətən bu maddə ilə təqsirləndirilən şəxslər barəsində həbslə bağlı olmayan qətimkan tədbiri seçir. Üstəlik, onun səhhətində də problemlər var. Azərbaycan vətəndaşının məhrumiyyətlərindən zövq almaq bilmirəm nəyin göstəricisidir”.

Məmməd Ibrahim də vəkilinin vəsatətini müdafiə edib və səhhətindəki problemlərdən, saxlanma şəraitindən danışıb: “Mən beş aydır insana yaraşmayan şəraitdəyəm. 16 nəfərlik kamerada bəzən 26 nəfər saxlanılır. Onların da azı, 20 nəfəri siqaret çəkənlərdir. Havasız, pəncərəsiz kamerada belə bir vəziyyətdə siqaret çəkməyən adamın halını təsəvvür edirsinizmi?! Təcridxanaya həkim dəvət olundu, məni müayinə etdi. Gözlərimdə tutulma var. ”UZI”dən keçirildim, böyrəyimdə problem yaranıb”.

Dövlət ittihamçısı vəsatətə münasibət bildirərkən deyib ki, artıq məhkəmə prosesi sona doğru yaxınlaşır və yekun nəticəyə o qədər də çox qalmayıb. Ona görə də indiki mərhələdə həbs-qətimkan tədbirinin dəyişdirilməsini məqsədəuyğun saymır.

Hakim Turqay Hüseynov vəsatəti təmin etməyib.

İstintaqdakı saxtakarlıqlar

Vəkil Yalçın Imanov cinayət işinin materiallarındakı daha bir qanunsuzluq faktını məhkəmənin nəzərinə çatdırıb. Iş materiallarında göstərilib ki, Məmməd Ibrahim sentyabrın 30-da CM-nin 221.1-ci maddəsilə həbs olunub, sonradan daha iki zərəəkmişin ortaya çıxması ilə əlaqədar ittiham oktyabrın 5-də CM-nin 221.2.2-ci maddəsinə tövsif olunub. Amma elə iş materiallarında 6 oktyabr tarixli başqa bir raport da var ki, yeni ortaya çıxan iki nəfərlə bağlı araşdırma aparılsın. Belə çıxır ki, heç araşdırma aparılmamış tövsif qərarı verilib.

Bu qədər açıq şəkildə qanun pozuntularına yol vermək bunların nəyinə lazımdır?!”, – deyə Yalçın Imanov əlavə edib.

Məhkəmə prosesi martın 7-də davam edəcək.

Məmməd Ibrahim hadisədən bir müddət əvvəl AXCP-dən uzaqlaşdırılmış Mikayıl Quliyevin şikayəti əsasında sentyabrın 30-da həbs olunub. Mikayıl Quliyevi vurmaqda ittiham olunan Məmməd Ibrahimə CM-in 221.1-ci (xuliqanlıq) maddəsi ilə ittiham irəli sürülüb. Bir müddət sonra daha iki nəfər – Oruc Vəliyev və Məhəmməd Qurbanov da şikayət verərək bildiriblər ki, insident zamanı Məmməd Ibrahim onları da vurub. Bundan sonra Məmməd Ibrahimə ittiham maddəsi ağırlaşdırılıb və CM-in 221.2.2-ci maddəsinə tövsif olunub. Bu maddə iki ilədək islah işləri və ya beş ilədək həbs cəzası nəzərdə tutur.

Məmməd Ibrahim ittihamı qəbul etmir və həbsinin siyasi sifariş olduğunu bildirir.

Aytən