Ekspertlərin fikrincə, iş yerlərini itirən soydaşlarımız ölkəyə qayıda bilər ki, bu da təhlükəli tendensiyadır
Ötən il Azərbaycana pul köçürmələrinin kəskin şəkildə azaldığı rəsmi rəqəmlərlə təsdiqini tapır. Mərkəzi Bankın (AMB) saytında verilən məlumata görə, 2015-ci ildə Azərbaycana pul köçürmələrinin həcmi $1 mlrd 183 mln təşkil edib.
Bu, 2014-cü ilin göstəricisindən bir dəfə yarım azdır. O vaxt Azərbaycana pul köçürmələri $1 mlrd 709 mln təşkil edib. Bu göstərici əsasən MDB ölkələrində və Türkiyədəki miqrantlarımızın gəlirlərinin azaldığını göstərir. Bəs, bu azalma Azərbaycan iqtisadiyyatına nə vəd edir? Bu azalmanın nəticəsi olaraq onsuz da ciddi böhran şəraitində olan iqtisadiyyatı hansı fəsadlar gözləyir?
Ekspertlərin fikrincə, ölkəyə pul köçürmələrinin azalması iqtisadi aktivliyə təsir edəcək. Rusiya iqtisadiyyatında tənəzzül elementlərinin güclənməsinin Azərbaycana pul göndərilməsinə təsirinin qaçılmaz olduğunu vurğulayan ekspertlər qeyd etdi ki, konkret olaraq Rusiyada gəlir əldə edə bilməyən vətəndaşlarımız ölkəyə vəsait göndərə bilmir. Eyni zamanda köçürmələrin azalması Azərbaycan iqtisadiyyatını daha bir çətinliklə üz-üzə qoya bilər. Bu da xaricdə işini itirən vətəndaşlarımızın Azərbaycana geri dönməsidir. Hazırkı vəziyyətdə isə böhran içində olan Azərbaycan iqtisadiyyatı həmin kəsimi işlə təmin etmək iqtidarında deyil.
Xəyal