Elman Rüstəmova inanaqmı?

elman_rustamovIki dəfə xalqı aldadan Mərkəzi Bank sədri yenə də devalvasiyanın baş verməyəcyini bildirir

“Azərbaycan manatının növbəti devalvasiyası gözlənilmir və gördüyünüz kimi, manatın möhkəmlənməsi prosesi gedir”. Bunu jurnalistlərə açıqlamasında Mərkəzi Bankın Idarə Heyətinin sədri Elman Rüstəmov deyib.

O bildirib ki, Əmanətlərin Sığortalanması Fondu ilə danışıqlar gedir və Mərkəzi Bank bu quruma da pul ayıracaq: “Düşünmürəm ki, ayrılacaq pulun həcmi uçot dərəcəsindən çox olacaq”.

Elman Rüstəmov 2015-ci ilin fevralın 21-də baş verən devalvasiyadan da bir neçə gün əvvəl manatın möhkəmliyindən danışmışdı. Bundan başqa ölkə başçısı Ilham Əliyev əcnəbiləri pullarını manatla saxlamağa çağırmışdı. Lakin bu çıxışların üzərindən bir neçə gün sonra əhali 34 faizlik devalvasiyanın şahidi oldu. Devalvasiyadan sonra yenə də Elman Rüstəmov və digər hökumət nümayəndələri manatın möhkəmlənməsi barədə nağıllar uydurmağa başladılar. Bu nağıllar 2015-ci ilin dekabr ayının 21-nə qədər davam etdi. Dekabrın 21-də isə 1 dollar 1.05 AZN-dən 1.55 AZN-ə qədər bahalaşdı. Indi mart ayında növbəti devalvasiyanın baş verəcəyi barədə ehtimalların irəli sürdüyü vaxtda yenə də Elman Rüstəmov ortaya çıxaraq manatın möhkəmliyindən danışıb. Amma Mərkəzi Bank sədrinin bu açıqlaması əks effekt verir. Cəmiyyətdə belə rəy formalaşıb ki, Elman Rüstəmov devalvasiyanın baş verməyəcəyini bildirirsə, deməli, baş verəcək.