Məhəmməd Talıblı: «Ölkə iqtisadiyyatında geriləmələr Ümumi Daxili Məhsulun istehsalını xeyli dərəcədə aşağı salıb»
Xəbər verdimiz kimi bu ilin yanvar ayında Azərbaycanda 4 milyard 11,2 milyon manatlıq ümumi daxili məhsul (ÜDM) istehsal edilib.
Dövlət Statistika Komitəsi xəbər verir ki, ÜDM-in əhalinin hər nəfərinə düşən həcmi isə 418,3 manat və ya 264,5 ABŞ dolları təşkil edib. Bu dövrdə ümumi daxili məhsulun 37,3%-i sənayedə, 10,9%-i ticarət və nəqliyyat vasitələrinin təmiri, 8,6%-i tikinti, 7,2%-i nəqliyyat və anbar təsərrüfatı, 3,1%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 3%-i turistlərin yerləşdirilməsi və ictimai iaşə, 2,2%-i informasiya və rabitə, 20%-i isə digər sahələrdə istehsal edilib, məhsula və idxala xalis vergilər isə ÜDM-in 7,7%-ni təşkil edib. ÜDM istehsalının 67,2 %-i qeyri-neft sahələrinin payına düşüb.
Amma onu da qeyd etmək yerinə düşər ki, maliyyə böhranının ÜDM-i də ciddi şəkildə vurduğu hiss olunur. Çünki 2013-cü ildə Azərbaycanın ÜDM-i 73 milyard olmuşdu. Bu ilin yanvar ayında isə bu göstərici 4 milyard manatdır. Ən yaxşı halda bu il ÜDM-in 48 milyard manat olacağı gözlənilir. Manatın kursunun iki dəfədən artıq ölməsi isə bu məbləği dollar ekvalentində çox aşağı edir.
Iqtisadçı Məhəmməd Talıblı bildirdi ki, ixracatda neft və neft məhsullarının çəkisi dollar ifadəsində 10 milyard aşağı düşüb. Ölkənin böyük istehsal müəssisələrində istehsal templərinin aşağı düşdüyünü deyən M.Talıblı vurğuladı ki, kiçik müəssisələrin də bir-birinin ardınca bağlanması göz önündədir. Ölkədə 10-a yaxın bankın da bağlanmasını da yada salan M.Talıblı vurğuladı ki, bütün bunlar ÜDM-in formalaşmasına təsir edir: “Ölkə iqtisadiyyatında geriləmələr Ümumi Daxili Məhsulun istehsalını xeyli dərəcədə aşağı salıb. Nəticədə hətta bu ilin göstəricilərində avtomobil idxalı ötən ilin yanvar ayı ilə müqayisədə 20 dəfə aşağı düşüb. Digər tərəfdən tikinti materiallarının istehsalında da analoji vəziyyət yaranıb. Bütün bunlar onu deməyə əsas verir ki, tikinti materiallarının istehsalında azalmalar olub. Təxminən 57 faiz. Bütün bunlar onu göstərir ki, ölkə iqtisadiyyatında istehsal olunan məhsulların, xidmətlərin dövriyyəsi artıq aşağı düşüb. Digər tərəfdən əhalinin alıcılıq qabiliyyəti aşağı düşüb”. M.Talıblının sözlərinə görə, bütün bunlar onu deməyə əsas verir ki, vaxtı ilə neft faktoru hesabına hərarətlənmiş iqtisadiyyat əsaslı geriləmələr yaşayır. Eyni zamanda dövlət investisiyalarının da azaldığına diqqət çəkən M.Talıblı vurğuladı ki, 2016-cı ilin sonunda ölkədə cərəyan edən iqtisadi proseslərin yekunu olaraq ÜDM-in bir neçə dəfə aşağı düşməsi müşahidə oluna bilər. “Çünki vəziyyət təsəvvür etdiyimizdən də pisdir. Baş verənlərlə bağlı heç bir önləyici tədbirlər görülmür. Bazar iştirakçılarının almaq istədikləri məhsulların da sırası azalıb. Insanlar daha çox ərzaq məhsullarının alınmasını həyata keçirir. Bütün bunlar onu deməyə əsas verir ki, ilin sonunda Ümumi Daxili Məhsulun səviyyəsi xeyli aşağı düşəcək”, deyə M.Talıblı vurğuladı.
Xəyal