İndi də kasıb və balaca Gürcüstan Azərbaycanla mübahisədə istədiyinə nail oldu. Azərbaycandan qazı daha çox və daha ucuz alacaqlar. Saakaşvili rejimi ifşa edərək şahidlik etmişdi ki, Azərbaycan rəhbərliyi öz xalqının qazını kəsib, Gürcüstana daha çox və ucuz qaz verirmiş. Rövnəq Abdullayev isə etiraf etmişdi ki, Gürcüstandakı bütün məbədləri (erməni kilsələri də daxil olmaqla) SOCAR təmənnasız olaraq qazla təmin edir. Siz ona baxmayın ki, ölkənin içində məscidə sayğac quraşdırırlar, qəzaya uğrayan neftçinin müalicəsinə pul tapılmır. Gürcüstandakı məbədlərə verməyə qaz həmişə var. İndi də Gürcüstanın yeni hökuməti bir az təzyiq edib, Azərbaycandan aldığı qazın qiymətini daha da aşağı saldırdı.
Gürcüstan hökumətini buna görə qınamaq olarmı? Məncə, yox. Onun vəzifəsi onu seçmiş xalq üçün xaricdən almalı olduğu məhsulları ən ucuz qiymətə almaqdır. Gürcüstanın hökumət rəsmiləri bizimkilərdən rüşvət götürsəydilər, qazın qiymətini aşağı saldıra bilərdilər? Əlbəttə, yox. Adamlar rüşvət almırlar, xalqlarına da güvənərək, istənilən manevri edirlər. Nəticədə də qazanan gürcü xalqı olur.
Tək Gürcüstan deyil ki. Bizim hökumətdən əksər xarici ölkələr “haqq alır”. Rusiya mənəvi cəhətdən çoxdan köhnəlmiş 4 milyard dollarlıq silahını bizə satıb, neftdən gələn pulun bir hissəsini əlimizdən almadımı? Aldı. Kefi istəyəndə, Rusiya hökuməti özü xarici ölkələrə ucuz qiymətə qaz satan, yekə-yekə “Avropanın enerji təchizatında iştirak edən” ölkəmizin hökumətini Rusiyadan qaz almağa məcbur edirmi? Edir.
Çox məyusedici və düşündürücü reallıqdır. Amma qeyri-adi də deyil. Bəşər tarixi çoxdan sübut edib ki, öz xalqına arxayın olub, güvənməyən hökumətlər başqa xalqları yedizdirib, razı salmağa məcbur olurlar. Avtoritar rejim təkcə ona görə pis deyil ki, insanların hüquqlarını pozur, onlara məhrumiyyətlər yaşadır, azad rəqabətə və hər şəxsin özünü realizə etməsinə imkan vermir. Həm də ona görə pisdir ki, çox bahalıdır, xalqlara baha başa gəlir. Bu bahalı bəladan xilas olmaq lazımdır.