Ankaranın İraqdakı gizli savaşı

 

turkiye-iraq-qosun«The Daily Telegraph»: «Türkiyə IŞID-dən sonrakı dövrə hazırlıq görür»

«Türkiyənin 1000 əsgərdən ibarət quru qoşunu IŞID-lə məxfi savaş aparır»

BBC-nin xəbərinə görə, bu məlumat Iraqdakı Başiqa məntəqəsində olan “The Daily Telegraph” qəzetinin müxbiri Sofia Barbaraninin məqaləsində yer alır.

Müəllif yazır ki, IŞID-in istehkamı – Mosul şəhərinin cəmi 15 kilometrliyində – Ninəva çölləri üzərində qərar tutub: “Kürd generalın sözlərinə görə, türk tanklarının lülələri Mosula tuşlanıb və türk əsgərləri buradan IŞID qüvvələrini aramsız atəşə tuturlar. General Bəhram Yasin deyir ki, əgər Amerika burada kifayət qədər iş görsəydi, türklərin gəlmələrinə ehtiyac qalmazdı. Yerli sakinlər isə bildirir ki,  Türkiyə tankları bazanın ətrafında dövrə vuraraq IŞID-in mövqelərinə mərmi yağdırır. Kürd Peşmərgə Nazirliyinin  qərargah rəisi Cabar Yavərin dediyinə görə, Başiqa məntəqəsində minlə iki min arasında türk əsgəri var.

Türklər ora Bağdad hökuməti ilə razılaşma əsasında göndəriliblər. General deyir ki, onlarla koordinasiya və əlaqələri yoxdur və türklərin gəlişi üçün xahiş etməyiblər”.

“The Telegraph” qeyd ki, bu bölgədə türk əsgərlərinin olmasına görə kürd regional hökuməti Bağdadı ittiham edir. Bağdad da öz növbəsində qarşı tərəfi məsul tutur: “Türkiyə hökuməti ilə kürd bölgəsinin lideri Məsud Bərzaninin Kürdüstan Demokratik Partiyası arasında getdikcə artan müttəfiqlik Bağdadı ciddi narahat edir.

Türkiyə “öz kürdləri” ilə 40 ildir silahlı münaqişədə olmasına baxmayaraq, Ankara ilə Iraq kürdlərinin rəhbərliyi arasında sıx siyasi və iqtisadi münasibətlər yaranıb.

Bu təmənnalı “izdivac” Ankaraya Iraqın şimalında, xüsusən də Mosulun həndəvərində möhkəmlənmək imkanı verib. Bu şəhər 1918-ci ilədək Osmanlı imperiyasına daxil idi. Atlantika Şurasından baş tədqiqatçı Aaron Stein deyir ki, burada ayaq tutmaq Türkiyəyə Bağdad və Diyalada fəal olan Irana balans yaratmaq üçün lazımdır. Ekspertin fikrincə, bu hərəkət Ankaranın Mosulun IŞID-dən sonrakı dövründə fəal rol oynamaq istədiyini göstərir”.

Məqalədə deyilir ki, ötən il dekabrın əvvəllərində bura 150-dək türk əsgəri gətirilib və onlardan əvvəl ərazidə artıq 90 təlimçi olub: “Bu qüvvələrin burada olmasından türklərin və kürdlərin yaxın müttəfiqi, keçmiş Mosul qubernatoru Atil əl-Nucayfi də xəbərdardır. Iraqın baş naziri Heydər əl-Abadi bölgəyə türk əsgərlərinin gətirilməsini ölkənin süverenlyinin pozulması kimi qiymətləndirmişdi. ABŞ-ın anti-IŞID koalisiyasının səfiri Brett McGurk da  bildirmişdi ki, Vaşinqton Iraqda Türk Silahlı Qüvvələrinin yerləşdirilməsi əleyhinədir. Buna baxmayaraq o, məsələni təfərrüatlı şəkildə şərh etməmişdi”.

“Royal United Services Institute”dan Michael Stephens bildirir ki, ABŞ-ın prioritetləri başqadır. Və Türkiyənin Iraqda olması onları maraqlandırmır: “Bu şərtlə ki, bu, müharibəyə səbəb olmasın. Onları daha böyük qənimət – IŞID maraqlandırır”.

“The Telegraph”ın iddiasına görə, Türkiyənin Iraqa müdaxiləsi nəinki davam edir, hətta genişlənməkdədir: “Bir sıra ekspertlər bildirirlər ki, Türkiyə hərbi gücünü daimi olaraq Iraq ərazisində saxlamağa meyllidir. Iraq millət vəkili və keçmiş milli təhlükəsizlik müşaviri doktor Müvəffəq əl-Rubaye deyir ki, Ankaranın uzunmüddətli məqsədi Osmanlı imperiyasını bərpa etməkdir”.