baki-agir-cinayet-mehkemesi

Azərbaycanda görünməmiş istintaq rüsvayçılığı

baki-agir-cinayet-mehkemesiEmin Millinin qaynının məhkəməsində Adil İsmayılov dəhşətli faktın üstünü açdı – ölmüş adamı həbs olunana vəkil təklif ediblər

«Texniki səhvlərə görə bir insan günahsız həbsdə yatmalıdır?!»

Meydan TV”nin direktoru Emin Millinin qayını Nazim Ağabəyovun işi üzrə məhkəmə prosesində istintaqdakı dəətli saxtakarlıq faktlarının üstü açılıb. Nazim Ağabəyovun vəkili Adil Ismayılov həmin faktları üzə çıxarıb.

Bu iş üzrə Bakı Ağır Cinayətlər Məhkəməsində fevralın 26-da keçirilən iclasda Məhkəmə Ekspertizası Mərkəzinin eksperti Aybəniz Hüseynova əlavə şahid qismində dindirilib. Ekspert vəkilin suallarını cavablandırarkən ondan konkret bu iş üzrə spektoqram (narkotik vasitələrin tərkibi barədə) hazırlanıb-hazırlanmadığı soruşulub. Aybəniz Hüseynova spektroqramı işləyib, lakin onu çap eləməyib və rəyə əlavə olunmayıb. Lakin vəkil Adil Ismayılov narkotiklə bağlı başqa cinayət işlərində rəyə əlavə olunmuş spektoqramları nümunə olaraq göstərib.

Ekspert vəkilin suallarını cavablandırarkən narkotik vasitənin tərkibini müəyyənləşdirməyin mümkünsüz olduğunu deyib. Vəkilin “Heroinin xalis çəkisi nə qədərdir?” sualına cavab verən ekspert bildirib ki, bunu müəyyən edən metod Azərbaycanda yoxdur, yalnız BMT-də var. Buna cavab olaraq, müdafiəçi heroinin xalis çəkisinin olduğunu deyib. Qeyd edib ki, qanunvericilikdə də bu məsələ öz əksini tapıb. Ekspert isə öz fikrində israr edib ki, xalis çəkini heç kim müəyyən edə bilməz. Bu da vəkilin təəccübünə səbəb olub və o, qanunda bu barədə göstərildiyini bir daha təkrarlayıb. Bu zaman ekspert belə bir misal çəkib: “Əgər 1 kiloqram un olan kisəyə 1 çimdik heroin tökülsə, biz deyəcəik ki, 1 kiloqram heroin var”.

Bu cavab vəkilin və hakimlərin gülüşünə səbəb olub.

Vəkil aktda heroinlə yanaşı, tiryəkin də qeyd edildiyini diqqətə çatdırıb və ekspertdən soruşub: “Siz tiryək də götürüb tədqiq etmişdiniz?”

Ekspert bu iş üzrə tiryək götürmədiyini bildirib.

Hakim ekspertə irad tutub: “Yazdığınıza bir baxın da. Insanların taleyi həll olunur. Nə götürürsüz, nəyi tədqiq edirsiniz, onu yazın”.

Ekspert dindirildikdən sonra vəkil Adil Ismayılov Bakı şəhər Baş Polis Idarəsinin təhqiqatçısı Şövqi Əhmədovun məhkəmədə dindirilməsi barədə vəsatət qaldırıb: “Mənim ona çoxlu suallarım var. Məsələn, soruşacağam ki, hətta üzərinə baxış keçirib narkotik vasitəni ”tapmadan”, ekspertiza rəyini almadan hansı əsaslarla Nazim Ağabəyovu Cinayət Məcəlləsinin 234.2-ci (narkotik satışı) maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs kimi tutmuşdu? Soruşacaqdım ki, vəkilləri hansı meyarla seçib Nazim Ağabəyova təqdim edib? Nazim Ağabəyov həmin siyahıdanÿQasımov Tofiq Qaraş oğlunu seçsəydi, həmin vəkili necə dəvət edəcəkdi? Axı Tofiq Qasımov bu protokol tərtib olunmamışdan yarım il əvvəl dünyasını dəyişib…”

Vəkil qeyd edib ki, “Müdafiəçi seçmək hüququnun izah edilməsi haqqında” protokola əsasən, Nazim Ağabəyov saxlanılarkən ona dövlət hesabına vəkillər təqdim olunub. Siyahıda yeddi müdafiəçinin adı var ki, onlar da fərqli hüquq məsləhətxanalarının vəkilləridir. Ən dəətlisi budur ki, həmin siyahıda olan vəkillərdən biri – Tofiq Qasımov həmin vaxt altı ay imiş ki, dünyasını dəyişibmiş: “Belə çıxır ki, Nazim Ağabəyov çaşıb Tofiq Qasımovu seçsəydi, biabırçılıq olacaqdı. Çünki bu adam 2015-ci ilin yanvarında dünyasını dəyişib, iyulda isə tutulan şəxsə vəkil kimi təqdim olunub”.

Vəkilin ikinci vəsatəti müstəntiq Əflatun Səlimovun şahid qismində çağırılıb dindirilməsilə bağlı olub: “Müstəntiq Əflatun Səlimova da bir neçə sualım olacaq. Məsələn, soruşacağam ki, cinayət işi başlamağa səbəb olmuş materialları görmədən onu necə başlamaq olar? Işdəki dərkənarlardan görünür ki, həmin material Istintaq və Təhqiqat Idarəsinə iyulun 24-də daxil olub və Səlimova həmin gün verilməklə, müvafiq araşdırma aparılması tapşırılıb. Iyulun 24-də ona veriləcək material əsasında iyulun 23-də cinayət işi başlaması nə dərəcədə qanunidir? Cinayət işi başlamaq haqqında qərarda qanunun tələbi pozularaq konkret saat niyə göstərilməyib? Cinayət işi başlayanda kimyəvi ekspertizanın rəyi onda olubmu? Olmayıbsa, qərarda narkotik vasitələrin çəkisini haradan götürüb?”

Dövlət ittihamçısı Fərid Nağıyev tarixlərin müxtəlif yazılmasını texniki səhv kimi dəyərləndirib və deyib ki, bu, işin mahiyyətinə kölgə sala bilməz. Prokuror vəsatətlərin təmin olunmamasını istəyib.

Məhkəmə də vəsatətləri təmin etməyib.

Vəkil Adil Ismayılov bu cür yanaşmaya etiraz edib: “Nə qanunsuzluğu deyirik, dövlət ittihamçısı bildirir ki, ”texniki səhv olub”. Texniki səhvlərə görə bir insan günahsız həbsdə yatmalıdır?! Nazim Ağabəyovun aylıq 5000 gəliri olub. Bu adama niyə dövlət hesabına vəkil təqdim olunurdu?! Dövlətin pulu bu qədər çoxdur?! Işdə yazılıb ki, bu adam “bandotdel”də olmayıb. Necə yəni olmayıb? Ora mən də getmişəm, onu görmüşəm. Elə edin ki, məhkəmədən çıxandan sonra bir-birimizin üzünə baxmağa üzümüz olsun”.

Məhkəmə prosesi martın 3-də davam edəcək.

Xatırladaq ki, IT mütəxəssisi olan Nazim Ağabəyov eyni zamanda, Xalq rəssamı Mais Ağabəyovun oğludur. O, 2015-ci il iyulun 23-də həbs edilib. Ona qarşı CM-nin 234.4.3-cü (külli miqdarda narkotik satışı) maddəsilə ittiham irəli sürülüb.

Nazim Ağabəyov ittihamı rədd edir və narkotikin cibinə və maşınına polislər tərəfindən atıldığını bildirir. Həbsinin səbəbini isə hökuməti tənqid edən Emin Millinin yaxın qohumu olması ilə əlaqələndirib.

Aytən