Yaxud, Əli Kərimliyə qarşı növbəti uğursuz əməliyyat
Hökumətin bugünə qədər dövriyyəyə buraxdığı bütün yalanlar ifşa olunub. Fikirləşiblər, plan cızıblar, təbliğat aparıblar və sonda qazdıqları quyuya düşüblər. Həqiqətən də zaman böyük hakimdir və hamının iç üzünü ortaya çıxardır. Birmənalı şəkildə demək olar ki, cəmiyyət hökumətə nifrət edir, hökumət komandasının heç bir üzvünə simpatiya yoxdur və bu nifrət hər gün bir az da artır.
Hökumət də başa düşür ki, zədələnmiş imici bərpa etmək mümkün olmayacaq. Ona görə də yeganə çıxış yolu kimi alternativləri ləkləməyə qərar veriblər. Yəni, cəmiyyətdə “biz pisik, amma o biriləri bizdən də pisdir” qənaəti formalaşdırmaq istəyirlər.
Bəli, hökumət böhrandan çıxış yolları axtarmaq, vətəndaşın vəziyyətini yaxşılaşdırmaq əvəzinə vicdanlı insanlara şər-böhtan atmağa girişib. Bu vurhavurda hökumətimizin gündəmi yenə də AXCP sədri Əli Kərimlidir. Yenə də püşk atıb, YAP-ın siması olan Siyavuş Novruzovu irəli veriblər. “Əli Kərimli Elçibəyi zəhərləyib”, “Əli Kərimli Əl-Qaidə liderləri ilə görüşəcək”, “Əli Kərimlinin xarici banklarda pulu var”, “Əli Kərimlinin villaları tapıldı”, “Əli Kərimli Rusiya proyektidir”, “Əli Kərimli Qərbdən maliyyələşir” kimi ittihamlar dəfn olunub. Ona görə də Siyavuş Novruzov “sveji” böhtanla gəlib. Deyib ki, bizdə Əli Kərimli ilə iqtidar nümayəndələri arasında baş tutan danışıqları sübuta yetirəcək həm foto, həm də videogörünütlər var.ÿHətta bildirib ki, lazım gələrsə, bu materialları ictimaiyyətə açıqlayacaqlar.
Əslində, Siyavuş Novruzovun “sveji” arqumenti əvvəlkilərdən çox zəifdir. Çünki, cəmiyyət hökumətimizin xasiyyətinə bələddir. Hamı bilir ki, hökumətin əlində hər hansı video olsa, AzTv-lər, “Lider”-lər gündə 3 dəfə bu videonu yayımlayar. Yəni, hökumətin video görüntüləri saxlamaq səbri yoxdur. Bu hökumət insanların yataq otağına qədər girməkdə, insanları şəxsi həyatla şantaj etməkdə mahirdir. Yəni, Qarabağ məsələsindən fərqli olaraq, rəqiblərə qarşı kompromat məsələsində “lazım” heç vaxt gecikmir. Əgər Əli Kərimlinin əleyhinə işləyə biləcək hər hansı video görüntülər varsa, bugünə qədər niyə dağa-daşa düşmüsünüz? Yüz dəfə şər atana qədər, bir dəfə video görüntünü yayardınız.
Yaxşı olar ki, Siyavuş Novruzov Komitə sədrinin 170 minlik rüşvət qalmaqalından, YAP-çı deputatın mandat alveri videosundan, MTN-in uzun illər ərzində vətəndaşa zülm etməsindən, məmurlara məxsus banklardan, Dubaydakı villalardan, yüksək vəzifəli şəxslərin müxtəlif ölkələrdəki biznes imperiyalarından danışsın. Həm də hökumətin başında oturan adamların biznes imperiyasının, müxtəlif ölkələrdəki bahalı villalarının görüntüləri var və bu görüntülər tez-tez mətbuatda yayılır. Yəni, Siyavuş Novruzov Əli Kərimli haqqında fantaziyalar quraşdırmaqdansa, təmsil olunduğu komandanın real “kolleksiya”sını təqdim edə bilər. Ümumiyyətlə, Əli Kərimli haqqında hər hansı bir video görüntü, offşorlara daşınmış 95 milyarda bəraət qazandıra bilərmi? 23 ildir dövləti işğal etdikləri azmış kimi, üstəlik dövləti sevənlərə ləkə atmaqdan da çəkinmirlər.
Bir sözlə, hökumət insanların qəlbində şübhə toxumu əkmək üçün şər maşınını işə salıb. Hökumətin cəmiyyətdəki nüfuzu azaldıqca, real müxalifətin avtoriteti artır. Hökumət çalışır ki, xalq arxasınca gedə biləcəyi liderdən şübhə etsin, tərəddüdə düşsün. Amma artıq gecdir və cəmiyyət nağıllara inanmır. Bütün fəaliyyəti kompromatlardan ibarət olan komandanın növbəti gedişi də “mat”la nəticələnəcək. Hamı bilir ki, əlinizdə Əli Kərimlinin videoları yox, ürəyinizdə Əli Kərimli dərdi var. Kaş, ürəyinizdəki bu dərdi videoya çəkmək mümkün olaydı.
İlham