“Açıq şəkildə dedilər ki, Qənimətə görə həbs olunmusuz…”

qanimat-zahid-yeni

Rüfət və Rövşən Zahidovlar necə şərləndikləri barədə danışdılar

Rüfət Zahidov: “Mənə dedilər ki, “zakaz olunmusan”

Rövşən Zahidov: “Biz ömür boyu halal zəhmətlə yaşamışıq, rütbəlilərin bizə elədikləri öz balalarının başına gəlsin”

“Azadlıq” qəzetinin baş redaktoru və “Azərbaycan saatı” televiziya proqramının müəllifi Qənimət Zahidin qohumları – qardaşı oğlu Rüfət Zahidov və əmisi oğlu Rövşən Zahidov dünən Bakı Ağır Cinayətlər Məhkəməsində ifadə verib. Bildiriblər ki, həbs olunarkən onlara Qənimət Zahidin hökumətə qarşı tənqidçi fəaliyyətinə görə cəzalandırıldıqları açıq şəkildə deyilib.

Hakim Eldar Mikayılovun sədrliyilə keçirilən məhkəmə iclasında əvvəlcə prokuror Elçin Qafarov ittiham aktını elan edib. Prokuror Rüfət Zahidovun üzərindən və maşınından narkotik çıxdığını deyərkən onun anası Fəridə Zahidova ağlayıb və narkotiki oğlunun cibinə atanları Allaha həvalə edib.

Rövşən və Rüfət Zahidovların heç biri özlərini ittiham üzrə təqsirli bilməyib. Ardınca onlar ifadə veriblər.

Rüfət Zahidov ifadəsində narkotikin cibinə və maşınına polislər tərəfindən atıldığını vurğulayıb: “Mən ömrü boyu narkotik istifadə etməmişəm. İyulun 20-də səhər tezdən məni izləyirdilər. Nahar vaxtı maşınımı Yasamal rayonu ərazisindəki “Şəki” kafesinin qarşısında saxlayıb getdim nahar eləməyə. Bir nəfər məni çölə çağırdı ki, gəl, maşını kənara çək. Çıxdım, 7-8 nəfər mülki geyimli düşdü üstümə. Harkotiki cibimə də, maşına da özləri atıb. Əllərimi qandallayıb apardılar Baş Narkotiklərlə Mübarizə İdarəsinə. Mənə dedilər ki, “zakaz olunmusan, sabaha məruzə olunmalıdır”. Yazılıb ki, guya, iyulun 18-i əmim oğlu Rövşənə büküm vermişəm, 20-si almışam. Mən belə işlərlə məşğul olan deyiləm”.

Prokuror və vəkillərin suallarını cavablandıran Rüfət Zahidov qeyd edib ki, “Şirinlər” firmasına məxsus maşında sürücü işləyib. Onun sözlərinə görə, idarəyə gətirilərkən kənardan bir nəfər əl eləyib, “Gəlim?” deyə soruşub. Polislər də “Gəl!” deyiblər. Sonradan həmin şəxsdən hal şahidi kimi istifadə olunub.

Rüfət Zahidov deyir ki, saxlanılarkən ondan əllərini yuxarı qaldırmaq tələb olunub. Həmin vaxt da cibinə narkotik atılıb. İdarədə təzyiqlərə məruz qaldığını, yaxınlarının həbsilə hədələndiyini deyən Rüfət Zahidov bu üzdən polislərin yazdığı ifadəyə qol çəkmək məcburiyyətində qalıb. İyulun 18-də Şamaxıya yeni doğulmuş körpəsini nənəsinə göstərmək üçün getdiyini deyən Rüfət Zahidov əlavə edib ki, heç həmin gün də Rövşən Zahidovla görüşməyib. Onu təxminən il yarım olardı ki, görmürdü.

“Mənə dövlət hesabına verilən vəkil gec gəldi, tələsik nəyəsə qol çəkib getdi. İdarədə dedim ki, o narkotik mənim deyil, özünüz atmısınız. Dedilər ki, “biz səni tutmalıyıq”. Sonra da biri yanımda zəng edib gülə-gülə xəbər verdi ki, “hazırdı, tutmuşuq”. Dedilər ki, əmilərini də biz tutmuşuq. Bir neçə il əvəl əmilərim Mirzə Sakit və Qənimət Zahid tutulmuşdu. Polis idarəsində mənə hədə-qorxu gəldilər, dedilər ailəni də izləyirik, evinə də narkotik atarıq, atan da gedər. Ona görə məcbur olub yazdım dediklərini…”

“Dedilər, Qənimət səni də zibilə salıb, bizi də…”

Rövşən Zahidov da ifadəsində deyib ki, polis şöbəsində ona Qənimət Zahidə görə tutulduğu açıq şəkildə bildirilib: “İyulun 18-də əmim nəvəsi Tural Turalı guya, asayişi pozduğuna görə 30 sutka həbs eləmişdilər. Həmin gün mənə tanımadığım nömrədən zəng gəldi, dedi ki, 5000 mişar kubikim var, götürmək lazımdır. Razılaşdım. Mən ustayam, sifariş gəlir, mən də gedib işimi görüb, çörəkpulu qazanıram. Şamaxının Qurdtəpə kəndində yaşayıram. Görüşə getdim. Təzəcə çatmışdım ki, bir “Hiva” dayandı, içində də 4 nəfər mülki geyimli. Kimliyimi soruşdular, tutub apardılar polis Şöbəsinə. Otaqda rəis müavini Polad Qarayev oturmuşdu. Biz ailəliklə cinayətdən uzaq adamıq. Dedi, 5-10 gün içəridə dincələrsən. Hay-həşir saldım ki, məni niyə tutmusuz? Dedi, elə eləmə, başqa maddələrlə ataq içəri. Soruşdum ki, neyləmişəm? Dedilər, hər şeyi yaxşı bilirsən, əmin oğlu Qənimət səni də, bizi də zibilə salıb. Dedim, mənim onunla əlaqəm yoxdu, o siyasətdədi, mən fəhlə adamam. Apardılar məni məhkəməyə 25 gün inzibati həbs verdilər. Əmim nəvəsi Tural da kamerada idi. Onunla bir yerə salmadılar. İkimizi də təkadamlıq kamerada saxladılar. Pis günə düşmüşdüm orda. Heç kimlə əlaqəm olmadı. Dedim, ailəmə zəng edim, bildirim, dedilər ki, sizin həbsinizi bütün respublika bilir. Mənə dedilər ki, indi gəlsin, Qənimət sizi xilas eləsin, görək necə eləyir. Mənə ailəmlə nə görüşməyə, nə də telefonla danışmağa icazə vermədilər. Rüfət barədə soruşdular, dedim onunla əlaqəm yoxdu. Dedilər Rüfəti narkotiklə tutmuşuq. Dedim, “yükləmisiz”. Dedilər ki, Qənimətə görədir. Apardılar məni üçüncü mərtəbəyə rəis Habil Əmiraslanovun otağına. Soruşdu necəsən? Dedim, Allah bəlanızı versin. Mənə dedi ki, yaz, Rüfət sənə narkotik verib saxlamağa. Dedim onunla əlaqəm yoxdu. Dedi ki, yazmasan, arvadını, uşaqlarını gətirərik bura, sənə, arvadına görə paqon itirə bilmərik. Dedi, Qənimət olmasaydı, zülm çəkməzdiniz. Apardılar yenə müstəntiqin – İlqarın yanına, baxdı güldü, dedi ki, “mənlik heç nə yoxdur, yuxarıdan necə deyirlər, elə edirik”. Biz ömür boyu halal zəhmətlə yaşamışıq. Rütbəlilərin elədikləri öz balalarının başına gəlsin”.

Rövşən Zahidov eyni zamanda, Şamaxı Rayon Polis Şöbəsinin rəis müavini Polad Qarayevin və əməliyyatçıların məhkəmədə şahid qismində dindirilməsini istəyib.

Daha sonra Rüfət Zahidovun vəkili Bəhruz Bayramov Məhkəmə Ekspertizası Mərkəzinə kimyəvi ekspertiza keçirilməsi barədə 20 iyul 2015-ci il tarixli qərarın, qeydiyyat kitabçasından çıxarışın və protokolun verilməsi üçün məhkəmə tərəfindən sorğu göndərilməsi barədə vəsatət qaldırıb. Vəsatət təmin olunub.

Məhkəmə prosesi martın 18-də davam edəcək.

Xatırladaq ki, Rüfət və Rövşən Zahidovlar 2015-ci ilin iyulunda həbs edilib. Onlara qarşı Cinayət Məcəlləsinin 234.4.1 (bir qrup şəxs tərəfindən narkotik saxlama, yayma və ya satma) və 234.4.3-cü (külli miqdarda törədildikdə) maddələrilə ittiham irəli sürülüb.

Qənimət Zahid isə qohumlarının xüsusən müəllifi və aparıcısı olduğu “Azərbaycan saatı” televiziya proqramında hökumətin sərt tənqid olunmasına görə ondan qisas almaq məqsədilə həbs olunduğunu bildirir.