“Təhsil hüququ ilə bağlı daxil olmuş 140 müraciət üzrə araşdırmalar aparılıb, hüquq pozuntusu müəyyənləşdiyi halda onların bərpası üzrə tədbirlər görülüb”.
Bu barədə Ombudsmanın illik hesabatında deyilir. Hesabat əsasən bəzi şikayətlərdə vətəndaşlar xarici dövlətlərdə aldıqları ali təhsil haqqında diplomun tanınması məqsədilə Təhsil Nazirliyinə müraciət edərkən aylarla gözləmək məcburiyyətində qaldıqlarını və süründürməçiliklə üzləşdiklərini bildiriblər.
Hesabatda həmçinin məktəbəqədər təhsil müəssisələrinə də toxunularaq qeyd edilib ki, uşaq bağçalarında mövcud olan uşaq yerlərinin sayı müvafiq ərazidə, rayonda, şəhərdə yaşayan məktəbəqədər yaşlı uşaqların sayından olduqca azdır.
Orta məktəblərdə keçirilmiş yekun qiymətləndirmənin nəticələrinə dair TQDK-nın açıqladığı statistik məlumatlar təhsilin real vəziyyəti ilə bağlı dərindən düşünməyə və təxirəsalınmaz tədbirlər görməyə əsas verir.
Hesabatda bildirilib ki, Azərbaycan Beynəlxalq Universitetinin (ABU) ləğv edilməsindən sonra yaranan və indiyədək davam etməkdə olan ciddi problemlərdən biri də oradan məzun olmuş vətəndaşların hələ də ali təhsil haqqında diplom ala bilməməsidir.
“Əslində Təhsil Nazirliyi ABU-nun rəhbərliyi tərəfindən tələbələrin aldadılmasından xəbərsiz olmayıb. Həmin universitetin ləğv edildiyi vaxta kimi istər TQDK xətti ilə, istərsə də köçürmə qaydasında, yaxud TQDK-dan kənar yolla qəbul edilmiş və məzun olmuş şəxslərə müvafiq qaydada diplom verilib.
Bu da aydındır ki, diplom blankları təhsil müəssisələrinə Təhsil Nazirliyi tərəfindən verilir. Müvəkkil qeyd edilənləri nəzərə alaraq, həmin tələbələrə müvafiq ali təhsil haqqında diplomun verilməsi məsələsinə baxılmasını və həll olunmasını məqsədəuyğun hesab edir”.
Qeyd edək ki, ABU 2010-cu ildə bağlanıb. Həmin zaman isə Misir Mərdanov təhsil naziri vəzifəsində idi.