Milli Şura Xocalı soyqırımını yad etdi VİDEO

Cəmil Həsənli: “Xocalı o yaşayış məskənlərindəndir ki, tarixə Xocalı mədəniyyəti adı ilə düşüb”

Əli Kərimli: “Ədaləti millət olaraq güc olub özümüz bərqərar etməliyik”

Demokratik Qüvvələrin Milli Şurası Xocalı soyqırımının anım günündə “Ana harayı” abidəsini ziyarət edib. Milli Şuranın Koordinasiya Mərkəzi üzvlərinin öncüllüyü ilə qurumun üzv və tərəfdarları izdihamlı kalonla Xətai metrostansiyasının qarşısından abidənin önünə yürüş edib. Abidənin önünə qərənfillər düzülüb, Xocalı qurbanlarının və bütün şəhidlərimizin ruhuna dualar oxunub. Milli Şuranın sədri Cəmil Həsənli və AXCP lideri Əli Kərimli abidənin önündə qısa nitq söyləyiblər.

Cəmil Həsənli Xocalı hadisələrini sivil dünyada vəhşilik adlandırıb:

“Xalqımızın talehində və tarixində çox bir facilə hadisənin 24-cü ildönümür. 24 il bundan qabaq Qarabağın dilbər guşəsi olan Xocalıda insanlığa zidd olan, insanlığa həqarət olan soyqırım hadisə həyata keçirildi. Dinc insanlara divan tutuldu.

Xocalı o yaşayış məskənlərindəndir ki, tarixə Xocalı mədəniyyəti adı ilə düşüb. Azərbaycanın ən qədim insan məskənlərindən biri kimi yaddaşlarda qalıb.

Son dövrlər tarixçilər yer üzündən silinmiş kəndləri tarixin yaddaşından axtarıb tapmağa başlayıblar. İkinci Dünya Müharibəsi zamanı Polşada ,  Belorusiyada, yaxud Vyetnam müharibəsi zamanı yaşayış məntəqələrinin yer üzündən silinməsi barədə nümunələr axtarışında olurdular. Bu isə bizim canlı insanların gözü qarşısında, dünyanın mədəniləşdiyi bir dövrdə bir yaşayış məntəqəsi böyüklü-kiçikli güllədən keçirildi. Erməni hərbi birləşmələrinin rus hərbçiləri ilə birlikdə keçirdikləri hərbi əməliyyat nəticəsində 613 nəfər həyatını itirdi ki, bunlardan 63 nəfəri uşaq, 106 nəfəri qadın, 70 nəfəri isə qoca və ahıl şəxslər idi. 1275 nəfər əsir götürülüb, bunlardan da 150 nəfərindən  indiyə kimi heç bir məlumat yoxdur. Hətta söhbət burda baş vermiş fəlakətin miqyasından da getmir, bu onun həyata keçirilməsi formasındadır. Sən demə mədəniləşmiş dünyada da belə vəhşiliklər həyata keçirmək insanların işində yaşayırmış.

Allah Xocalı şəhidlərinə rəhmət eləsin!”

Əli Kərimli də Xocalıda baş verənləri insanlığa qarşı cinayət adlandırıb:

“Xocalıda baş verənlər sadəcə cinayət deyil, həm də insanlığa qarşı cinayətdir, Azərbaycan xalqına qarşı soyqırımdır. Çox təəsssüf ki,  hələ də o cinayətkarlar məsulkiyyətə cəlb olunmayıblar. Onlar məsuliyyətə cəlb olunana qədər Xocalı şəhidlərinin qanı yerdə qalmış olur. Ona görə də,  əziz həmvətənlər, biz bilməliyik ki, ədaləti yalnız dünyadan istəməli deyilik. Ədaləti millət olaraq güc olub özümüz bərqərar etməliyik. Xocalı qatillərini məsuliyyətə cəlb etməliyik. Allah bizim millətimizə o gücü qismət eləsin, şəhidlərimizi rəhmət eləsin!”