Korrupsiyanın qiyafələri

elnur-astanbeyliElnur Astanbəyli

elnurastanbeyli@gmail.com

Xəbər lentlərində gözümə dəydi, təyinatlı deputatlardan biri “futbol qumarı” əleyhinə danışıb, idman mərc oyunlarını təşkil edən “Topaz”ın ləğv edilməsi təklifini irəli sürüb. “Təyinatlı” sözünü xüsusi vurğulamaq bəlkə də yersizdir, onsuz da Milli Məclisdə təyinatsız deputat yoxdur. Amma mövzumuz bu deyil.

Oqtay Əsədov da həmin deputatın sözünə dəstək verib, halbuki, eyni Oqtay Əsədov vur-tut 3 il əvvəl – bu dəfə Milli Məclisin başqa bir təyinatlı üzvü Məlahət Ibrahimqızı “Topaz”ın bağlanmasını istəyəndə 180 dərəcə əksini danışmışdı, onun “qumarxana” olmadığını demişdi. Görəsən, bu üç ildə nə dəyişib?!

Topaz”ın ləğvini tələb edən yaptokratların əsaslandırmaları üç aşağı, beş yuxarı eynidir: insanlar əllərində-ovuclarında olanları da itirir, borca düşürlər, ailələr bədbəxt olur, dağılırlar. Zənn edərsən, bunlar xalqa qarşı necə də canıyanandırlar!

Şübhəsiz, şans və mərc oyunlarının gətirdiyi bədbəxtliklərə dair kifayət qədər örnək göstərmək olar. Amma niyə unudulur ki, ölkədə elə bir vəziyyət yaranıb-yaradılıb, adamlar elə duruma salınıb, bu oyunlar onlar üçün son ümid yeridir. Insanlar öz ağır problemlərini, qayğılarını həll edə biləcək başqa heç bir imkan, vasitə tanımırlar, bütün ümidlərini şans, mərc oyunlarına bağlayırlar.

Topaz” mərəzinə tutulmuş bir nəfər tanıyırdım, atasını ürək əməliyyatı elətdirmək üçün 7-8 min manat borca girmişdi. Deyirdi, bu onun üçün çox əlçatmaz məbləğdir, həmin pulu necə geri qaytaracağını bilmir. Özü fəhlə kimi ayda 400-500 manat ancaq qazanır, həyat yoldaşı isə məktəbdə xadimə işləyir, hardasa 100 manata. Bunlar isə ayın əvvəlindən axırına ac qalmamaq üçün ancaq bəs edir. Belədə borcu qaytarmaq üçün ümid qalır lotereya ilə mərc oyunlarına!

Əlbəttə, heç nə bu oyunlara aludə olmağa haqq qazandırmır, amma təkcə son 10 ildə 100 milyard dollardan artıq neft qazancı əldə etmiş bir ölkənin vətəndaşları niyə hansısa cərrahi əməliyyat üçün borca girmək məcburiyyətində qalmalıdırlar, həm də bu borcu aldıqları maaşla ödəmək onlara xəyal kimi görünməlidir?!

Tutaq ki, “futbol qumarı” nə qədər insanı axırda həbs, intihar təhlükəsi qarşısında qoyur, ailələrə fəlakət, göz yaşı gətirir və ləğv edilməlidir, bəs bank krediti altında əzilən on minlərlə insan necə olsun? Bəlkə banklara kredit verməyi də yasaqlayasınız?

Dediyim odur ki, səbəbləri qoyub nəticələrlə uğraşmaq gülməlidir. Öncə onun hesabı verilməlidir ki, bu qədər zəngin yeraltı-yerüstü var-yatırları olan bu ölkənin insanları niyə ən sadə, primitiv həyat şərtləri, məət problemləri qarşısında əlacsız, gücsüz, çarəsizdirlər. Niyə onlar normal yaşamaq imkanlarını şans və mərc oyunlarında axtarmalıdırlar? Niyə ən adi müayinə və müalicə üçün belə, bank qapılarını döyməlidirlər və sonra kredit bataqlığında boğulmalıdırlar?

Bir az ədalət hissi, vicdan duyğusu olan hər kəs bu sualı verməlidir: on ildə on milyardlarla dollar neft pulunun gəldiyi bir ölkədə banklardan, şans, mərc oyunlarından asılı bu qədər insanın varlığı hansı məntiqə sığır? Hanı bəs yapçıların ağızdolusu danışdıqları “sosial dövlət”? Hardandır axı bu qədər sosial bərabərsizlik: 3-5 faiz ərəb şeyxlərini belə, qibtə etdirəcək şəkildə dəbdəbə, təmtəraq içərisində yaşayır, yerdə qalanlar isə ac qalmamaq, var ola bilmək uğrunda mübarizə aparır.

Dediyim odur ki, ölkənin bütün bəlalarının kökündə korrupsiyadan, talandan, hüquqsuzluqdan, ədalətsizlikdən güc alan zalım idarəetmə dayanır, sadəcə, o, adamların qarşısına müxtəlif libaslarda çıxa bilər, məsələn, biri elə “Topaz”-mopaz qiyafəsində.