Nurəddin Məmmədli: «Hakimiyyət lobbi fəaliyyəti ilə ona qarşı yönələcək sanksiya layihəsinin qarşısını ala bilməyəcək»
Xəbər verdiyimiz kimi Azərbaycan hökuməti ABŞ Konqresinin “Azərbaycan Demokratiya Aktı” qanun layihəsinin qəbuluna yol verməməsi üçün hər cür tədbirlərə əl atır. Bu layihəni fevralın əvvəlində konqresmen Kristofer Smit irəli sürüb. Layihənin qarşısının alınması məqsədlə Amerikanın Podesta Group lobbi təşkilatı ilə müqavilə bağlanıb. Şirkət Azərbaycanda insan hüquqları və demokratiyanın pozulmasına görə vəzifəli şəxslərə qarşı qanunun qəbuluna yol verilməməsinə yardım etməlidir.
Xatırladaq ki, Bakı yüzə yaxın siyasi məhbusu azad etməkdən imtina etdikdən, ümumiyyətlə, bu kateqoriyada məhbusların olduğunu inkar etdikdən sonra Smit qanun layihəsini irəli sürüb.
Bu qanun layihəsindən sonra hakimiyyət Podesta Group ilə müqavilə imzalayıb və Konqresdə qanun layihəsinin qarşısının alınması məqsədilə iş aparılması, Azərbaycan hökumətinin yaxşılaşdırılması üçün səylərə görə ayda ən azı 50 min dollar ödəyəcək.
ABŞ Ədliyyə Nazirliyinin məlumatına görə, “ictimaiyyətlə əlaqələr üzrə xidmətin göstərilməsi üçün” fevralın 1-də Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov və Podesta Group arasında müvafiq sənəd imzalanıb.
Podesta Vaşinqtondakı nüfuzlu şəxslərə yol tapmaq üçün Azərbaycan hökumətinə zəmanət verir və buna görə Azərbaycanın ABŞ-dakı səfirliyindən 50 min manat dollar və əlavə xidmətlərə görə pul alacaq.
Sazişdə Podesta-nın öhdəlikləri belə göstərilib: narahatlıq doğuran məsələlərin öyrənilib təhlil edilməsi; Amerika siyasəti, Konqresin fəaliyyəti, ümumilikdə Amerika siyasətində icra hakimiyyəti ilə bağlı hüquqi məsləhətləşmələr göstərmək; Konqres üzvləri və onların təmsilçiləri, icra hakimiyyəti və QHT nümayəndələri ilə əlaqələr qurmaq.
Maraqlıdır insan haqlarını kobud şəkildə pozan və buna görə dünyada imicini kəskin zədələyən Azərbaycan hakimiyyəti lobbi təşkilatını işiə salmaqla Smitin layihəsinin keçməsinin qarşısını ala biləcəkmi?
AXCP sədrinin müavini Nurəddin Məmmədli bildirdi ki, Azərbaycan hakimiyyətinin müəyyən dərəcədə düzələ biləcəyinə olan inam əvvəllər lobbi təşkilatlarını stimullaşdıran faktor idi. N.Məmmədlinin sözlərinə görə, amma son iki-üç ildə rejimin islah olunmazlığı dərk olunduqdan sonra əksər lobbi təşkilatları ümumiyyətlə Azərbaycan hakimiyyətindən imtina etmişdi: “Amma bir müddət idi ki, hakimiyyətə lobbiçilik etmək dayandırılmışdı. Birincisi müqavilələrdə göstərilən qonorar haqları həddindən artıq yüksək idi. Ikincisi hesab edilirdi ki, bu yol ilə həddindən artıq böyük pullar yuyulur. Son illərdə Qərb dünyasında, xüsusilə ABŞ-da hakimiyyətin vurulması istiqamətində səylər səmərə vermirdi. Amma bu dəfə prosesə olduqca nüfuzlu insanlar qoşulublar. Ona görə hakimiyyətin lobbi fəaliyyəti ilə ona qarşı yönələcək sanksiya layihəsinin qarşısını ala biləcəyini söyləmək çətindir”.
N.Məmmədli vurğuladı ki, son zamanlar dünyanın demokratik ruhlu insanları Azərbaycan hakimiyyəti ilə əməkdaşlıq edən siyasətçiləri kəskin tənqid edir. Israilin keçmiş xarici işlər naziri Libermanın parlamentdə Azərbaycan hakimiyyətindən rüşvət almaqda ittiham olunduğunu vurğulayan N.Məmmədli bildirdi ki, hakimiyyət özünü Qərbin təzyiqlərindən qorumaq istəyirsə, alternativsiz olaraq demokratik islahatların rellaşdırılmasına başlamalıdır.
Xəyal