Ev əşyalarını satanlar dəfələrlə artıb

elan saytiAzərbaycanda satışla bağlı  yeni trend formalaşmağa başlayıb. Artıq vətəndaşlar hansısa əşyanı satmaq üçün mağazaya və ya maklerə müraciət etməkdənsə, elan saytlarına üz tutur. Son dövrlərdə belə saytlara tələbat artıb. Belə ki, bu saytlarda oyuncaqdan, məişət əşyalarından, ev heyvanlarından,avtomobilə və evə kimi hər şey satışa çıxarılır. Bu saytlar artıq insanlarda “evimdə hər şey” təzə olmalıdır streotipini də aradan qaldırıb. Belə ki, satışa çıxarılan əşyaların bir hissəsi “ikinci əl”dir.

Gəlirləri azalan əhali  geyim və əşyalarını satmağa başlayıb

Elan saytları da  son dövrdə elektron satışlara marağın artdığı deyirlər.Belə ki,əvvəllər sadəcə maraq üçün elanlara baxırdılarsa, indi belə saytlarda əməlli başlı alış-veriş gedir. Alsat.az saytının rəhbəri Vaqif Hüseynov fins.az-a bildirib ki, manatın ucuzlaşmasından sonra ikinci əl ev əşyaları və geyimlərin satışı xeyli artıb: “Məsələn, gün ərzində sayta 2000-2500 elan yerləşdirilirsə, 500 mal satılır”.

Satılan malların yarısı qadın geyimləridir

V.Hüseynov bildirib ki, hər gün satılan malların 40-50%-ni ikinci əl geyim malları təşkil edir. Xüsusilə də, qadın geyimləri üstünlük təşkil edir. Onun sözlərinə görə, bu tendensiya xüsusilə də son 2 ayda artıb. Qadınlar pul əldə etmək üçün geyim və ləvazimatlarını qiymətindən dəfələrlə ucuz satırlar: “Adətən 50 çantası olsa da, heç bir qadın onu satmaq istəməz. Amma gəlirlərin azalması onları da sevimli geyimlərini və əşyalarını satmağa vadar edir. Gün ərzində qadın çantası ilə bağlı 200-300 elan yerləşdirilir. 90-110 manatlıq çantalar  40-50 manata satılır”.

«Bir dəfə geyinilmiş paltarı 4 qat ucuz satırlar»

Qadınların daha çox satdığı digər geyimlər sırasında ziyafət geyimləri də çoxdur. Bu paltarlar öz qiymətindən hətta 3-4 dəfə ucuz satılır.Məsələn, xanım bir dəfə istifadə etdikdən sonra 400 manatlıq ziyafət geyimini 100 manata satırlar. Bundan əlavə qadın aksessuarlarına  da maraq böyükdür. Belə əşyalar adətən qiymətli metaldan olmadığı və ucuz olduğu üçün daha çox satılır. Məsələn, gün ərzində qiyməti 1-10 manat olan 10-20 qolbağ, boyunbağı və ya üzük satılır.

Kişilərin gödəkçə və paltodan başqa satmağa heç bir şeyi yoxdu

V.Hüseynov bildirib ki, satılan ikinci əl geyimlərin bir hissəsini kişi geyimləri təşkil edir. Amma onların satış siyasəti, qadınlarla müqasiyədə heç də uğurlu deyil. Belə ki, kişilər geyim almağa daha az maraqlı olduqlarından istifadə etdikləri geyimlər də azdır. Ona görə, satmaq üçün geyim çeşidi geniş deyil. Kişilər yanlız ikinci əl gödəkçə və paltolarını satışa çıxarırlar.Məsələn, 70-80 manatlıq gödəkçəni 50 manata təklif edirlər. Bu isə alıcılar üçün o qədər də sərfəli olmur.

Öz avtomobili ilə sürücü xidməti göstərmək istəyənlər 30 dəfə artıb

Sayt rəhbərinin sözlərinə görə, hazırda xidmət sahələri ilə bağlı elanlar da artıb. Belə ki, elanlarda taksi xidməti, şəxsi sürücü və yükdaşıma xidmətlərinə maraq artıb. Məsələn, əvvəl ayda öz avtomobili ilə şəxsi sürücü xidməti göstərmək istəyən var idisə, hazırda hər gün sayta 1-5 arası belə elan yerləşdirilir. Müraciət edənlərin hamısı Bakı şəhərindəndir.

Bağlanan ofislərdən daşınan əşyalar yükdaşıma xidmətlərinə tələbatı artırıb

Son dövrdə tələbat artan xidmətlər sırasında yükdaşımalar da yer alıb. Belə ki, Bakıda bağlanan ofislərdən mebel və ləzavimatlar şəhərdəki evlərə, bağ evlərinə və digər yerlərə daşınır. İşini itirən kiçik yük maşını sürücüləri  artan tələbatndan yaxşı gəlir götürürlər.

Repititor xidmətləri ilə bağlı elanlar  artır

Elan saytlarında hazırda daha çox yerləşdirilən xidmətlər elanları sırasında repititorluq artıb. Elanlar əsasən Sumqayıt və Xırdalan ərazisində məktəbə qədər hazırlıq, bundan əlavə fərdi rus və ingilisdili hazırlığı  ilə bağlıdır. Məsələn, gün ərzində 50-100 belə elan yerləşdirilir.

Mobil telefon və kompyuterlər kütləvi satılır

Elan saytları vasitəsilə hazırda satılan ikinci əl əşyalar sırasında smartfon və noutbuklar Top onluqda yer alaıb. V.Hüseynov  bildirib ki, satılan telefonların 80 %-i “iPhone” və “Samsung” telefonlarıdır. Satışların qalan hissəsini digər android  platformaları telefonlar təşkil edir. Satılmayan telefonlar isə daha çox “Nokia” markalı telefonlardır. Belə ki, elanlar çox olsa da, bu telefonları alan tapılmır.

Noutbukları  isə daha çox ucuz olduğuna görə alırlar. V.Hüseynov bildirib ki, hazırda  bazarda noutbuklar hətta telefonlardan da xeyli ucuzdur. 300 manatlıq İ3  prosessorlu noutbuku hazırda saytda elan vasitəsilə 100-150 manata almaq mümkündür.

Sovet mebellərini pulsuz satırlar

Daha çox satışa çıxarılan ev əşyaları sırasında sovet dövründə dəbdə olan mebellər, əvvəllər ofisdə istifadə edilən kompyuter stolu və ləvazimatları, televizor altlıqları və güldanlar var. V. Hüseynovun sözlərinə görə, evlərini yeniləyən şəhər sakinləri belə əşyaları ucuz qiymətə satmaq istəyir. Məsələn, 80-100 manatlıq televizor altlığı 15-20 manata satılır. Onun sözlərinə görə, belə satış elanları o qədər çoxdur ki artıq əvvəllər dəbdə olan köhnə mebellərin Bakının hansı ərazisinə aid olduğunu da bilmək mümkündür. Satışla yanaşı və ev əşyaları pulsuz verilir. V.Hüseynov bildirir ki, belə qeyri-adi elanlar adətən sovet dövrünə aid mebellərlə bağlı olur. Mebelləri evdən çıxarmaq istəyən şəhər sakinləri 30-40 manatlıq fəhlə pulu ödəməmək üçün belə bir addım atırlar. Elanda qeyd edilir ki, mebel bir şərtlə pulsuz verilir ki, onu götürmək istəyən şəxs birbaşa özü evdən daşısın. Belə elanları daha çox Bakının mərkəzi hissələrində, yəni Nizami, Xəqani və R.Behbudov küçəsində yaşayan şəhər sakinləri yerləşdirir.

30 qəpiyə kitab satılır

Saytda yerləşdirilən amma satılamayan əşyalar sırasında daha çox kitablar qərarlaşıb. V.Hüseynov bildirib ki, satmaq üçün daha çox sovet dövrünə aid bədii kitablarla bağlı elanlar yerləşdirilir. Hətta 30 qəpiyə satılan kitablar var. Amma alan yoxdu. Hər 100 kitabdan cəmi 10-u satılır.

Ev heyvanları ilə bağlı dəb dəyişib

İnsanların ev heyvanlarına sevgisi də sən demə dəblə dəyişirmiş. Belə ki, saytlarda ev heyvanları ilə bağlı elanlara da rast gəlinir. V.Hüseynovun sözlərinə görə, əvvəllər daha çox tutuquşu və akvarium balıqları satılırdısa, indi daha çox sibir avçarkası olan xaski itlərinə maraq artıb. Bu da dəblə bağlıdır. Ayda 10-15 belə it satılır. 6 aylıq bu itlərin qiyməti isə 150-1500 manat arasında dəyişir. (Fins.az)