Azərbaycanı təriflədilər, söz-söhbət yarandı

gene davis absABŞ-ın Yuta ştatının iki deputatı bu yaxınlarda Azərbaycanın din azadlığına hörmətini alqışlayıb. Ancaq bu tərif ABŞ mediasının diqqətindən yayınmayıb. Axı həmin deputatlar təxminən 3 il öncə Bakıya bütün xərcləri ödənmiş bir səfər etmişdilər.

«The Salt Lake Tribune» saytında Matthew Piper bu barədə yazır.

Ötən həftə senator Gene Davis və Nümayəndələr Palatasından Lynn Hemingway ştat Senatında və Nümayəndələr Palatasında «bəy tərifi» edib, daha sonra Azərbaycanın Baş konsulu Nəsimi Ağayev danışıb. Davis senatorlara deyib ki, Azərbaycan hökuməti «müxtəlifliyə ölkənin ön böyük gücü kimi baxır».

Müəllif elə bu məqamda xatırladır ki, «Human Rights Watch», «Amnesty International», CPJ, eləcə də ABŞ Dövlət Departamenti Azərbaycan hökumətinin, din azadlığı da daxil olmaqla, bir sıra sahələrdə siyasətinə dair suallar qaldırır. Tənqidçilər Rusiya və İran arasında yerləşən bu ölkənin demokratiyadan çox diktaturaya yaxınlaşdığını, fəalların, jurnalistlərin həbsə atıldığını bildirir.

Məsələ burasındadır ki, Davis 2013-cü ilin mayında Bakıya səfər edən konqresmenlərdən biri olub, ölkənin müstəqilliyinə həsr olunmuş tədbirə qatılıb.

«The Washington Post» Konqres üzvlərinin bəzi səfərlərini SOCAR-ın maliyyələşdirməsi barədə yazmışdı. Davis-i isə həmin tədbirə Pasifika İnstitutu dəvət edibmiş, o da, öz növbəsində Hemingway-i dəvət edib. Pasifika-dan qəzetə deyiblər ki, səfəri Türk (Turquoise) Şurası təşkil edib. Hyustonda mənzillənən bu təşkilat da «The Washington Post»un araşdırmasında olduğu kimi, SOCAR-a bağlıdır.

Davis və Hemingway Azərbaycanın əldə etdiyi uğurdan mütəəssir olduqlarını söyləyiblər. Müəllif Davis-in İlham Əliyev 2013-cü ildə üçüncü dəfə prezident seçiləndə ona yazdığı məktubdan sitat gətirir: «Ölkənizin vətəndaşları səsvermə hüquqlarından yararlanaraq, demokratiyaya uzunmüddətli sadiqlik nümayiş etdirdilər və sizin rəhbərliyinizə inamlarını ifadə etdilər».

«Seçkidən bir gün öncə nəticələr mobil əlavə vasitəsilə açıqlanmışdı… Ancaq Davis sonradan dedi ki, o, seçkini izləməyib, sadəcə, qalibi təbrik edib. Davis indi də deyir ki, ötən həftə Azərbaycanın din azadlığı sahəsində göstərdiyi irəliləyişi həvəsləndirmək istəyib. Axı BMT-nin Sivilizasiyalar Alyansı apreldə Bakıda illik qlobal forum da keçirəcək».

«Bu ölkənin din azadlığı sahəsində gördüyü işləri alqışladım. Keçmişləri barədə mövqe bildirdimmi? Xeyr», – Davis deyir.

Qeyd edək ki, ABŞ-ın Yuta ştatının Senatı və Nümayəndələr Palatası fevralın 17-də Azərbaycanın tolerantlıq modelini təqdir edən geniş bəyannamə qəbul edib. (azadliq.org)