Tələbələr də işğalçı rus ordusunun yarandığı günü qeyd edirmiş…
Əvvəl düşünürdük ki, 23 fevral – sovet-rus ordusunun yarandığı gün yalnız orta məktəblərdə “qeyd edilir”. Demə, işğalçı ordunun yarandığı tarixdə “qızların oğlanlara hədiyyə verməsi” ənənəsi Azərbaycanın ali məktəblərində də yaşayırmış?! Üstəlik, bu saxta bayramın qeyd edilməsini əks etdirən fotolar sosial şəbəkələrdə paylaşılırmış…
“Azərbaycan Universitetləri” adlı “facebook” səhifəsində 23 fevralda bir sıra ali məktəblərdə qızların oğlanlara hədiyyə olaraq aldıqları tortların fotoları yayılıb. Səhifədən məlum olur ki, 23 fevral məhz bu şəkildə Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Dövlət Aqrar Universiteti, Azərbaycan Texniki Universiteti, Xəzər və Qafqaz universitetlərində qeyd edilib.
Səhifədə ayrıca olaraq, Azərbaycan Dövlət Dəniz Akademiyasında və Milli Aviasiya Akademiyasında təhsil alan qızların oğlanlar üçün xüsusi hazırlatdıqları tortların da fotoları yerləşdirilib.
Bu mənzərə birmənalı qarşılanmayıb. Elə həmin səhifədə “İlham Hüseynov” adlı istifadəçi yazır: “Mənə maraqlı olan budur ki, bu gənclər ali təhsil alırlar, amma bu günü bayram kimi keçirəcək qədər də savadsızdırlar”.
“Aygün Məmmədova” adlı digər istifadəçinin yazdıqları da ibrətamizdir: “Bu tortu yeyən oğlanlar, başqasını demirəm, 3 gün sonra anılacaq XOCALIdan və oxuduğunuz Akademiyadan utanın”.
Bəli, təəssüf ki, bu “sovet ənənəsi” hələ də yaşayır. Bizcə, buna görə ilk məsuliyyət valideynlərin üzərinə düşür. Deməli, bəzi ailələrdə uşaqlara, yeniyetmə və gənclərə milli mənlik şüuru aşılanmır. Əlbəttə, valideynin özü bu ali hissdən məhrumdursa, o zaman onun övladından nə gözləyəsən?
Bu zərərli ənənə elə sözügedən ailələrdən orta məktəblərə, daha sonra ali təhsil müəssisələrinə yayılır. Amma bütün bunlara görə əsas cavabdeh olan sistemdir. Ölkə həyatının bütün sahələri korrupsiyaya uğradığından hər yerdə “ələbaxımlıq” psixologiyası hökm sürür. Yəni, 8 Martda qadın müəllimlər üçün “hədiyyə” olaraq pul yığılırsa, şagirdlər, tələbə qızlar niyə geridə qalsın? Məhz 8 Martda hədiyyə alsınlar deyə, qızlar da 23 fevralda oğlanları təbrik edirlər…
Hətta orta məktəblərdə: “Niyə mənim oğlum qızlara hədiyyə almalıdır, qızlar ona yox?” – deyən meşşan düşüncəli valideynlər də var. Elə bu səbəbdən “23 fevral” yaşayır. Çünki, 26 İyun – Milli Ordunun yarandığı gün təhsil mövsümü bitmiş olur, o zaman oğlanlar da qızların yadına düşmür…
Sosial şəbəkələrdə bu reallığı nəzərə alaraq maraqlı təklif irəli sürənlər də var.
“Nigar Hacıyeva” adlı istifadəçi yazır: “Mən bu məsələni qızımın sinfində də qaldırdım. Dedim ki, bu, hansı məntiqə sığır? Bir tərəfdən şagirdlərə deyirik ki, 20 Yanvar faciəsini sovet ordusu törədib, bir tərəfdən də 23 fevralı – sovet ordusunun yarandığı günü oğlanlarımızın bayramı kimi keçiririk… Təklif etdim ki, madam, fevralda oğlanlar gününü qeyd etmək istəyirsiniz, gəlin görək, hansı milli qəhrəmanımızın bu ayda doğum günüdürsə, o günü də bayram kimi qeyd edək. Hətta internetdə araşdıranda gördüm ki, 7 fevral Mübariz İbrahimovun doğum günüdür. Hətta dedim ki, istəyirsiniz elə mən özüm Milli Qəhrəmanımız haqqında məlumat verim və sonra qızlar onları təbrik etsinlər. Beləcə, biz eyni zamanda usaqlarımıza qəhrəmanlıq keyfiyyətini aşılayarıq. Valideynlər razı olmadı. Sonra fikirləşdim ki, belə anaların, belə cəmiyyətin tərbiyə etdiyi usaqlardan hec vaxt qəhrəman olmayacaq. Yazıq Vətənimizin gününə…”
Vəziyyət doğrudan da acınacaqlıdır. Əgər, bir ölkənin hətta Dəniz Akademiyasında, Milli Aviasiya Akademiyasında işğalçı ordunun yarandığı gündə tortlar kəsilirsə, o zaman orta məktəb direktorlarından və müəllimlərindən nə umasan? Hara baxır, ali məktəblərin rektorları, professor-müəllim heyəti?! Hara baxır, Təhsil Nazirliyi?! Hara baxır, milli-hərbi vətənpərvərlikdən dəm vuran hökumət?! Axı, bu tələbələr sabahın kadrlarıdır, rəhbər şəxsləridir…
Son sözümüz isə bu günlərdə test sisteminin çatışmazlığı barədə fikirlər söyləyən, testlə tələbə qəbulunun ləğvini istəyən təhsil naziri Mikayıl Cabbarovadır: Mikayıl müəllim, təhsilin keyfiyyətini artırmaq üçün şübhəli bir tərzdə testi hədəfə almaqdansa, aydın bir şəkildə təhsil müəssisələrindəki mənəvi-əxlaqi dəyərlərin qorunması işi ilə məşğul olun. Orta və ali məktəbləri kəmsavad, qaba, əyalətçi, regionçu, rüşvətxor rəhbərlərdən və pedaqoqlardan azad edin. O zaman şagirdlərimiz və tələbələrimiz də müsbət nümunələrə baxıb əsl vətəndaş və milli kadrlar kimi yetişərlər.
Sosial şöbə