Alim işdən çıxarıldı…

yadigar-turkelKitabxanaya getdiyi üçün

Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə və Hüquq İnstitutunun aparıcı elmi işçisi, fəlsəfə elmləri doktoru Yadigar Türkel fevralın 25-də işdən çıxarılıb. Bununla bağlı xəbəri Azərbaycan Alimlər Birliyi (AAB) yayıb. Birliyin dünən keçirilən toplantısında bu barədə məlumat verilib və AAB üzvlərinin bəyanatı qəbul edilib.

Həmin xəbərdə deyilir ki, bu məsələ qurumun toplantısında müzakirəyə çıxarılıb və iclasda iştirak edənlər Yadigar Türkelin işdən çıxarılmasının qanunsuz olduğu bildirib. Toplantıda iştirak edən Y.Türkel baş verənlərə aydınlıq gətirərək deyib: “İnstitutun direktoru İlham Məmmədzadə bu gün (26 fevralred.) məni çağırıb dedi ki, “bir gün bütün günü işdə olmadığıma görə” məni işdən çıxarıb. Bir gün deyəndə direktor fevralın 25-ni nəzərdə tutur. Həmin gün mən Ümumi Elmi Kitabxanada olmuşam. Günorta təxminən saat 2-də direktorun katibəsi zəng vurub İlham müəllimin yanına gəlməyi istədi. Mən də araşdırmalarımla bağlı kitabxanada olduğumu bildirdim və çox vacibdirsə, saat 5-6-da gələ biləcəyimi dedim. Direktorla məsləhətləşmədən sonra katibə “İlham müəllim dedi ki, eybi yox, sabah gəlsin” cavabını verdi. Bu gün (dünənred.) getdim və əvvəldə sizə dediyim kimi, direktor işdən çıxarıldığımı bildirdi”.

AAB üzvləri fəlsəfə elmləri doktoru Yadigar Türkelin bu şəkildə işdən çıxarılmasının qanunsuz olduğunu bildiriblər və ədalətin bərpasına yardımçı olmasını ölkə başçısından xahiş ediblər.

İnformasiya şöbəsi