Ölkə başçısı İlham Əliyevin Tehranda İranın ali dini lideri Ayətullah Əli Xamneyi ilə görüşü barədə Azərbaycan tərəfi qısa bir məlumatla kifayətlənmişdi. Bu səbəbdən görüş zamanı İlham Əliyevlə Xamneyinin nələrdən danışdığı barədə ətraflı bilgi olmadı. Lakin Xamneyinin rəsmi saytı görüşdə danışılanları yayıb.
Saytın verdiyi xəbərə görə, görüş zamanı Xamneyi İranın Azərbaycan xalqı ilə dostluq və qonşuluqla yanaşı, qardaşlıq münasibətində olduğunu bildirib: «Azərbaycan xalqının sabitlik və rifah içində yaşaması bizim üçün çox önəmlidir. İki xalq arasında qəlb dostluğu olduğu kimi, ayrı-ayrı sahələr üzrə əməkdaşlıq da var. Azərbaycan xalqının islami və şiə etiqadı dəyərli bir sərmayədir. Dövlət xalqın dini inanclarına nə qədər hörmətlə yanaşsa, xalqın da dövlətə dəstəyi və bəzi super güclərin düşmən münasibəti qarşısında dirənişi o qədər artmış olar. Təfriqə salan qüvvələrin fitnəkar əməlləri qarşısında duruş gətirmək üçün islami fəaliyyətlərin gücləndirilməsi vacibdir. Azərbaycanda dinin dərin kökləri var. Bu ölkədə böyük İslam alimləri yetişib. Azərbaycan xalqı məlumatlı və ayıq xalqdır. Dövlətin isə dini fəaliyyətləri dəstəkləməsi xalqın hisslərinə təsir baxımından çox önəmlidir».
Öz növbəsində İlham Əliyev İrandakı müzakirələrin Tehranla Bakı arasındakı yaxın münasibətlərə müsbət təsirindən danışıb: «Ortaq mədəniyyət, din və tarix İranla Azərbaycan arasında dərin bir bağ yaradıb».
Tehranla Bakı arasında 10-dan artıq əməkdaşlıq sazişinin imzalanldığına toxunan İ.Əliyev iki ölkənin qardaş münasibətlərdə olduğunu bildirib: «Ticarət, nəqliyyat, enerji, sənaye sahələri üzrə önəmli addımlar atılıb. İki ölkə arasında həmrəyliyi bütün sahələrdə genişləndirməyə səy göstəririk. Ölkələrimiz beynəlxalq məsələlərlə də bağlı ortaq mövqeyə sahibdir. İran dünyada sülh və əminamanlığın təminatı üçün çox böyük rol oynayır. Biz İranın təhlükəsizliyini öz təhlükəsizliyimiz kimi görürük. Hər iki ölkəyə olan təhdidlər eyni mərkəzdən qaynaqlanır. Bu səfərdə İranla əməkdaşlıq çərçivəsində terrora qarşı mübarizə və bununla sülh və sabitliyin təminatı üçün razılığa gəldik. Bölgədə sizin kimi bir şəxsiyyətin varlığı bizə böyük güc və enerji verir».
Gültəkin