Hazırda İlhamə Quliyevanın dünyasını dəyişdiyi evin önündə olan jurnalistlərə açıqlama verən Əli Mirəliyev deyib ki, xalq artisti ürək çatışmazlığından vəfat edib. Müğənni deyib ki, səhər saatlarında vəziyyəti pisləşən İ.Quliyevanın üzərinə təcili yardım çağırılıb. Lakin həkimlər onu həyata qaytara bilməyib. Hazırda prokurorluq əməkdaşlarının olay yerinə gəlib ekspertiza aparmaları gözlənilir.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən də Lent.az-a bildirilib ki, bu gün İ.Quliyevanın köməkçisi təcili yardıma zəng edib. Səhər saat 10:30-da təcili yardım maşını İ.Quliyevanın evinə çatıb. Onun ölümü ilə bağlı ilkin olaraq ürək çatışmazlığı diaqnozu qoyulub.
***
Bir neçə saat əvvəl dünyasını dəyişən xalq artisti İlhamə Quliyevanın evinə heç kim buraxılmır. Müğənninin Qutqaşınlı küçəsində yerləşən mənzilinin qarşısında olan “Qafqazinfo”nun əməkdaşları bildirir ki, bina hazırda polis tərəfindən mühafizə olunur.
Polis əməkdaşları bildiriblər ki, hazırda içəridə müğənninin iki qohumu və Əli Mirəliyevdən başqa heç kim yoxdur.
Onlar qeyd edib ki, hüquq- mühafizə orqanlarının rəhbərləri də hadisə yerinə gələcək. Binanın qarşısında təcili tibbi yardım maşını dayanıb.
Xalq artistinin meyiti ekspertizaya aparılacaq.