Azərbaycanın xalq artisti İlhamə Quliyeva ilə vida mərasimi sabah saat 12.00-dan 14.00-dək Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında keçiriləcək. Bu barədə “Report”a Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Nazirlikdən bildirilib ki, xalq artisti II Fəxri Xiyabanda dəfn ediləcək.
Qeyd edək ki, İlhamə Quliyeva bu gün səhər saatlarında 73 yaşında dünyasını dəyişib.
***
Xəbər verdiyimiz kimi, xalq artisti İlhamə Quliyeva bu gün vəfat edib.
“Qafqazinfo” bu məqamda primadonna ilə küsülü olan sənətçilərin fikrini öyrənib.
Əməkdar artist Elza Seyidcahan xalq artistinin yasında iştirak edəcəyini deyib:
“Nə deyə bilərəm, Allah rəhmət eləsin. Yasına da gedəcəm, niyə getmirəm ki? Bu, incəsənət xadimi kimi mənim borcumdur. Xalq artistimiz rəhmətə gedib, mən də hamı kimi onu son mənzilə yola salmağa gedəcəm. Allah günahlarını bağışlasın. Hər birimiz Allahın quluyuq, bir gün gəlib, bir gün gedəcəyik”.
Flora Kərimovanın köməkçisi xalq artistinin evdə olmadığını və İlhamə Quliyeva ilə bağlı heç bir müsahibə verməyəcəyini deyib:
“Mənə dedi ki, heç bir jurnalist bu mövzuda müraciət etməsin. Yasa gedib-getməyəcəyi ilə bağlı heç nə bilmirəm”.
Xalq artisti Nazpəri Dostəliyeva yasda iştirak etməyəcəyini bildirib: “Heç kim elə düşünməsin ki, mən bu hala sevinirəm. Nə qədər düşmən olsaq da, ölüm ölümdür. Mən təəssüflənirəm ki, o belə bir həyat yaşadı. Bu gün bilsin ki, onun ölümünə sevinənlər var. Heç kimə belə bir ölüm arzulamazdım”.
***
Hazırda İlhamə Quliyevanın dünyasını dəyişdiyi evin önündə olan jurnalistlərə açıqlama verən Əli Mirəliyev deyib ki, xalq artisti ürək çatışmazlığından vəfat edib. Müğənni deyib ki, səhər saatlarında vəziyyəti pisləşən İ.Quliyevanın üzərinə təcili yardım çağırılıb. Lakin həkimlər onu həyata qaytara bilməyib. Hazırda prokurorluq əməkdaşlarının olay yerinə gəlib ekspertiza aparmaları gözlənilir.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən də Lent.az-a bildirilib ki, bu gün İ.Quliyevanın köməkçisi təcili yardıma zəng edib. Səhər saat 10:30-da təcili yardım maşını İ.Quliyevanın evinə çatıb. Onun ölümü ilə bağlı ilkin olaraq ürək çatışmazlığı diaqnozu qoyulub.
***
Bir neçə saat əvvəl dünyasını dəyişən xalq artisti İlhamə Quliyevanın evinə heç kim buraxılmır. Müğənninin Qutqaşınlı küçəsində yerləşən mənzilinin qarşısında olan “Qafqazinfo”nun əməkdaşları bildirir ki, bina hazırda polis tərəfindən mühafizə olunur.
Polis əməkdaşları bildiriblər ki, hazırda içəridə müğənninin iki qohumu və Əli Mirəliyevdən başqa heç kim yoxdur.
Onlar qeyd edib ki, hüquq- mühafizə orqanlarının rəhbərləri də hadisə yerinə gələcək. Binanın qarşısında təcili tibbi yardım maşını dayanıb.
Xalq artistinin meyiti ekspertizaya aparılacaq.
***
Xalq artisti İlhamə Quliyeva dünyasını dəyişib. Bu barədə Lent.az-a onun qohumu, müğənni Əli Mirəliyev məlumat verib.
Səhiyyə Nazirliyinin Təcili Tibbi Yardım Stansiyasından Sputnik.az-a bildiriblər ki, onlara bu barədə çağırış 2 saat əvvəl daxil olub və onun vəfatı təsdiqlənib. Yaxın dəqiqələrdə xalq artistinin ölümünün səbəbləri açıqlanacaq.
İlhamı Quliyeva 17 avqust 1943-cü ildə Bakı şəhərində anadan olub.