“Hamı bilir ki, mənim günahım yoxdur, amma nədənsə çəkinir”

cavid-huseynov1Futbolçu jurnalistin döyülüb öldürülməsilə əlaqədar ünvanına səslənən ittihamların yalan olduğunu bildirir

“Qəbələ” futbol klubunun oyunçusu, jurnalist Rasim Əliyevin döyülüb öldürülməsilə bağlı cinayəti bilib hüquq-mühafizə orqanlarına xəbər verməməkdə təqsirləndirilərək həbs olunan Cavid Hüseynov növbəti dəfə bəyan edib ki, onun bu hadisədən xəbəri olmayıb. Futbolçu bu barədə dünən Səbail Rayon Məhkəməsində prokurorun və vəkilinin suallarını cavablandırarkən bildirib.

Cavid Hüseynov deyib ki, Rasim Əliyevin döyülməsi barədə hadisə günü axşam saatlarında məşqdən çıxıb internet saytlarına göz gəzdirərkən xəbər tutub: “Bibim oğlu Elşən Ismayılov mənə xəbər vermişdi ki, bir jurnalist sənin barəndə ”facebook”da belə yazıb. Elşən demişdi ki, ona da ana söyüşü söyüb. Ondan Rasimin nömrəsini alıb, zəng elədim. Özümü təqdim elədim, danışdıq, ona izah elədim ki, mənim hərəkətimi yanlış qəbul eləyib, mən kimsəni təhqir eləməmişəm, o hərəkətimlə də Türkiyə-Azərbaycan qardaşlığına işarə eləmişəm. Məni başa düşdü, üzr istədi. Hətta özü bildirdi ki, biz yerliyik, ikimiz də Cəbrayıldanıq. Dedim, mümkündürsə, elə “facebook”da təkzib versin ki, yanlış başa düşüb. Belə də oldu. Sonra Elşənə zəng eləyib dedim ki, mən Rasimlə danışdım, anlaşdıq, məsələ həll olundu. Elşən bildirdi ki, mən onunla görüşəcəm, dedim, lazım deyil, getmə. Həm də Elşənlə mənim danışığımda dava söhbəti olmayıb. Görüşmək döymək, öldürmək demək deyil ki…

Axşam məşqdən çıxıb, internetə baxdım, gördüm, saytlar yazıb ki, Cavid Hüseynovun qohumları jurnalisti döyüb. Dərhal xəstəxanaya getdim. Orada Rasim mənə dedi ki, beş nəfər olublar, telefonu, pulqabı götürülüb. Mən Elşənə zəng elədim ki, nə məsələdir, sən kimlərlə olmusan, pulqabını, telefonu kim götürüb? Mən xəstəxanada olanda polislər də gəldi. Deməli, artıq polislərin məlumatı vardı hadisədən. Belə olan halda, mənim təkrar polisə xəbər verməyimə nə ehtiyac vardı?”

Cavid Hüseynov günahsız olduğunu vurğulayıb: “Hamı bilir ki, mənim bu məsələdə günahım yoxdur. Amma iş gəlib sənədə çatanda nədənsə, hamı çəkinir”.

Futbolçu xəstəxanada olarkən, şikayət verməməsi üçün Rasim Əliyevə müəyyən təkliflər etməsi barədə deyilənlərin də yalan olduğunu bildirib: “Mən xəstəxanada olanda Rasimin xalası oğlu, ya dostu da orada idi. O da təsdiqləyə bilər ki, belə söhbət olmayıb”.

Cavid Hüseynovun bibisi oğlu, Rasim Əliyevə ölümü ilə nəticələnən ağır xəsarət yetirməkdə təqsirləndirilən Elşən Ismayılov da məhkəmədə şahid qismində ifadə verib. O bildirib ki, Rasim Əliyevlə görüşə jurnalistin “facebook”da Cavid Hüseynov barədə yazdıqlarına görə yox, onun özünün anasını təhqir etdiyinə görə gedib. Onun sözlərinə görə, Cavid Hüseynovun bu görüşdən xəbəri olmayıb: “Məni görüşə də Rasim Əliyev özü çağırmışdı, telefonunu birinci özü göndərmişdi mənə. Ora da Cavidə görə yox, ana söyüşünə görə getmişəm”.

Məhkəmə martın 11-də digər şahidlərin ifadələrilə davam edəcək.

Xatırladaq ki, Rasim Əliyev ötən il avqustun 8-də bir qrup şəxs tərəfindən döyülüb. Avqustun 9-da səhərə yaxın 1 saylı Kliniki Tibbi Mərkəzdə dünyasını dəyişib. Bu iş üzrə 6 nəfər həbs olunub. Onlardan beşi CM-nin 126.3-cü (qəsdən sağlamlığa ağır xəsarət yetirmə ölümə səbəb olduqda) maddəsilə ittiham olunur və hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində onların mühakiməsi davam edir. Prokuror onlardan ikisinə 14, birinə 12, daha ikisinə isə 11 il 6 ay həbs cəzası istəyib. CM-nin 307.1-ci (ağır cinayətin hazırlanması və ya törədilməsini bilib xəbər verməmə) və 307.2-ci (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələrilə təqsirləndirilən Cavid Hüseynovun işi isə onlardan ayrılıb.

Aytən Məmmədova