Dünya kimin üçün qopur?

elnur-astanbeyliElnur Astanbəyli

elnurastanbeyli@gmail.com

Azərbaycan sovet yazıçılarından Əbülhəsənin “Dünya qopur” adlı bir romanı var, belə lətifə dolaşır ki, qələm dostlarından biri bu romanı oxuyandan sonra yarızarafat, yarıciddi şəkildə Əbülhəsənə deyir ki, “əsərinin adını ”Dünya qopur” qoymusan, amma mən oxudum, heç tüküm də tərpənmədi”. Zarafat müəllifi haqlıdır, əldəqayırma “sosialist realizmi”nin məhsulu olan, bu günün pəncərəsindən baxdıqda heç bir bədii-estetik zövq verməyən, ictimai dəyər daşımayan həmin roman bizdə rus-Sovet hakimiyyətinin qurulmasını vəsf, daha doğrusu, mədh edir.

Bununla belə, insafla qeyd etməliəm: istər Əbülhəsənin bu və ya digər əsəri olsun, istərsə də Süleyman Rəhimov, Əli Vəliyev, Süleyman Vəliyev, Ilyas Əfəndiyev kimi tipik sovet yazıçılarının əsərləri, fərq etmir, onların istənilən biri 60-cı illərdən başlayaraq “Xruşşovka” dövrünün yetişdirməsi kimi meydana çıxan saxta və icazəli “yenilikçilərin” – “altmışıncılar”ın əsərlərindən qat-qat təbii, səmimidir və zamanına görə daha çox ədəbiyyatdır. Bu haqda başqa bir yazıda geniş bəhs etməyi düşünürəm, odur ki, gəlin indi mövzudan uzaqlaşmayaq, “Dünya qopur”la bağlı lətifəyə qayıdaq.

Hazırda yapçıların çıxışları da təxminən bu anektoda bənzəyir, onların dediklərindən belə başa düşmək olar; dünya həqiqətən qopur, bütün planet dərin iqtisadi böhran içindədir, bəşəriyyət acından qırılır, guya bizim manatın bir ildə iki dəfə “ölməsi”, işsizliyin artması-zad da buna görədir. Halbuki ağlı başında olan hər kəs bilir ki, dünya kimin üçün qopur. Reallıq hissini, ədalət duyğusunu itirməyən hər kəsə aydındır ki, bu gün dünyada iqtisadi böhran-filan yoxdur, sadəcə, neft ölkələrinin böhranı var. Bunlar o ölkələrdir ki, illərdir təbiətin onlara lütfü olan qiymətli sərvəti asan qazanc mənbəyinə çeviriblər, seyid cəddinə arxayın olduğu kimi onlar da ancaq “qara qızıl”ın kəramətinə ümid bağlayıblar, gözlərini ancaq neftdən gələn qazanca dikiblər. Üstəlik, həmin ölkələrin mütləq əksəriyyətinin çağdışı, korrupsioner rejimlərin idarəçiliyində olması əldə edilən neft pullarının şəffaf, təyinatı üzrə, sərfəli şəkildə xərclənməsini mümkünsüz edib, həmin pullar yalnız hakim zümrənin varlanmasına, dəbdəbəli, komfort həyat sürməsinə, xalqın isə səfalət girdabına yuvarlanmasına gətirib çıxarıb.

Bu sadə, bəsit həqiqət Azərbaycan üçün də keçərlidir. Indi biz böhranı yalnız sümüyümüzəcən yox, artıq iliyimizəcən hiss ediriksə, onsuz da səfil, bədbəxt həyatımız daha dəhşətli qaranlığa qərq olubsa, burada hansısa mifik “qlobal iqtisadi böhranın təsirlərindən” danışmaq yersiz və gülməlidir. Biz sadəcə və sadəcə, 22 ildən çoxdur ölkənin yanlış təsəvvürlərlə, dünyagörüşlərlə, çağdışı, anti-demokratik metodlarla, zamanın ruhuna aykırı şəkildə idarə olunmasının əziyyətini çəkirik. Hələ də bunu dərk və qəbul etmək istəməyənlərin bizi gətirib çıxardıqları böhran durumundan çıxaracağına ümid bəsləmək isə fiksiyadır, filfilo söhbətdir.

Başqa vaxt “bizim öz yolumuz var”, “heç kim və heç nə bizə təsir göstərə bilməz” deyənlərin indi – 22 illik “siyasi kurs” fiaskoya uğrayandan sonra hansısa “xarici təsirləri”, “qlobal amilləri” bəhanə gətirməsi, bu cür “arqumentlərin” arxasına sığınaraq özünü məsuliyyətdən sığortalamağa çalışması şübhəsiz, ibrətlik hadisədir.

Bir daha sübut olundu ki, “bizim öz yolumuz var” düşüncəsi avtoritar, anti-demokratik rejimlərə xas ənənəvi, köhnəlmiş populizmdən başqa bir şey deyil, gec-tez iflasa məhkumdur, çünki yaşadığımız çağda və dünyada ağlın bircə yolu var: o da hüquqi-demokratik dövlət qurmaq, qanunların işlədiyi, milli iradənin təcəlla etdiyi, insan haqq və azadlıqlarına sayğı duyulduğu mədəni, modern ölkəyə çevrilməkdir.