“Cənab prezident, Administrasiyanız sizi aldadır!”

prez_aparatPrezident Administrasiyasının şöbə müdiri vətəndaşları hiddətləndirib

Hüquq-mühafizə orqanlarının, xüsusən prokurorluq orqanlarının fəaliyyətindən narazı qalan və buna görə dövlət strukturlarının, o cümlədən Baş Prokurorluğun, Milli Məclisin qarşısında etiraz aksiyaları keçirən vətəndaşlar dövlət məmurlarının onların barəsində səsləndirdikləri fikirlərdən hiddətlənib. Xüsusən Prezident Administrasiyasının Sənədlər və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman Ismayılov və Baş Prokurorluğun mətbuat xidmətinin onların barəsində yaydığı məlumatlar etiraza səbəb olub.

Süleyman Ismayılov “Azərbaycan” qəzetinə bildirib ki, həmin vətəndaşları dəfələrlə Prezident Administrasiyasının müvafiq struktur bölmələrinin rəhbərləri qəbul edib, onlara lazımi izahatlar verilib. Həmçinin prokurorluğun yaydığı məlumatda bildirilir ki, aksiya keçirən vətəndaşların hər biri dəfələrlə baş prokuror Zakir Qaralov, onun birinci müavini Rüstəm Usubov tərəfindən qəbul olunub.

Vətəndaşlar isə bildirir doğrudur, dəfələrlə dövlət orqanlarına müraciət ediblər, müəyyən vəzifəli şəxslər tərəfindən qəbul ediliblər, amma bütün bunlar nəticəsiz qalıb.

“Şikayətlərimizə baxılmayıb, cavabsız və nəticəsiz qalıb. Illərlə müraciət etsək də, bu günə qədər bir dəfə də olsun, Fuad Ələsgərov, Süleyman Ismayılov bizi qəbul etməyib.

Cənab prezident, Administrasiyanız sizi aldadır, düzgün məlumat vermir. Nəticə etibarilə, pozulmuş hüquqlarımızın bərpasına kömək üçün sizə ünvanladığımız ərizə və şikayətlər sizdən gizlədilir. Hər ayın 1-də Prezident Administrasiyasına illərlə üz yüzlərlə haqqı pozulan vətəndaşlar buna sübutdur”, – deyə narazı vətəndaşlar dövlət başçısı Ilham Əliyevə ünvanladıqları məktubda yazırlar.

İnformasiya şöbəsi