Asif Lətifovdan yeni xəbər var

asif-letifovHazırda həbsdə olan Xüsusi Dövlət Mühafizə Xidmətinin Betta dəstəsinin keçmiş əməkdaşı, baş leytenant Asif Lətifovun səhhəti yaxşıdır. Bu barədə “Azadlıq”a Asif Lətifovun anası Gülnaz Lətifova məlumat verib.

Qeyd edək ki, bir müddət əvvəl vicdan məhbusunun səhhətində ciddi problemlər yaranmışdı. Asif Lətifov iki həftə ərzində 25 kiloqram çəki itirmişdi. Buna görə Penitensiar Xidmətin Müalicə Müəssisəsinə aparılmışdı. Gülnaz Lətifova deyib ki, artıq Asif Lətifov əvvəlki vaxta nisbətən xeyli yaxşıdır: “Yavaş-yavaş özünə gəlir. Saxlanma şəraitindən də heç bir narazılığı yoxdur Asif Avropa Məhkəməsinə müraciət etmişdi. Artıq iş icraata götürülüb. Lakin nədənsə kommunaksiya mərhələsi gecikir. Asifin də narahatlığı bircə bundandır”.

Xatırladaq ki, Asif Lətifov 17 il “Betta” dəstəsində xidmət edib. 2011-ci ildə işdən çıxarılıb. Işdən azad edildikdən təqribən bir ay sonra xidmətin rəhbəri Vaqif Axundovun qəbulunda olsa da, müsbət heç nə baş verməyib. 2012-ci ilin yayından, hadisənin üstündən bir il üç ay keçdikdən sonra Asif Lətifov məsələni mətbuat vasitəsilə ictimailəşdirdikdən, xidmət rəhbərliyini tənqidlərə məruz qoyduqdan sonra ona qarşı cinayət işinə start verilib. Öncə ölkə prokurorluğu Asif Lətifova qarşı Cinayət Məcəlləsinin 228-ci (qanunsuz sialh-sursat saxlamaq) və 232-ci (səlahiyyət həddini aşmaq) maddələrilə cinayət işi başlayıb. Daha sonra iş hərbi prokurorluğa verilib. 2013-cü ilin yanvarın 29-da hərbi tribunal Asif Lətivoun 5 il yarım müddətinə azadlqıdan məhrum edilməsi haqda qərar çıxarıb.

Bir sıra nüfuzlu beynəlxalq təşkilatlar Asif Lətifovu vicdan məhbusu kimi tanıyıb.