“Amerika Azərbaycanlıları Konqresi”ndən Xocalı bəyanatı

abs-azerb-konqres“Amerika Azərbaycanlıları Konqresi” Xocalı faciəsi ilə bağlı Azərbaycan xalqına başsağlığı verir. Mətndə deyilir:

Xocalı soyqırımı Dağlıq Qarabağ müharibəsi zamanı baş vermiş ən dəhşətli faciələrdən biridir. Azərbaycan xalqı tarixin müxtəlif dönəmlərində ermənilər tərəfindən qırğına məruz qalmışdır. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda baş verən qətliam sadəcə Azərbaycan xalqına qarşı qırğın yox, insanlığa qarşı cinayətdir.

İyirmi dörd il öncə Azərbaycanın sülhsevər Xocalı şəhəri qeyri insani vəhşiliklərlə üz üzə qaldı. Soyqırım nəticəsində 613 günahsız Xocalı camaatı qəddarcasına qətlə yetirildi. Törədilən cinayət son 50 ildə bəşəriyyətə qarşı baş verən ən böyük cinayətlərdən biridir. Biz ABŞ-da yaşayan azərbaycanlılar Xocalı soyqırımı qurbanlarının ailələrinin ədalət axtarışında onların yanında olduğumuzu bəyan edirik. Azərbaycan xalqı hər zaman keçmişinə açıq gözlə nəzər salmalı, faciəni unutmamalı və ədalətin bərpasına nail olmalıdır.

Yalnız keçmişi dərin öyrənməklə biz gələcəkdə həqiqi və davamlı sülhə nail ola bilərik. Yalnız soyqırımı törədənlərin cəzalandırılmasına nail olmaqla biz Xocalı qurbanlarının ailə üzvlərinin qarşısında üzü ağ ola bilərik. Xocalı soyqırımı dünya azərbaycanlılarının dərdi, törədilən cinayət isə bəşəriyyətə qarşı vəhşilikdir.

Xocalıda törədilən soyqırıma görə erməni cinayətkarları hələ də üzr istəməkdən boyun qaçırmaqda davam edir. ABŞ Azərbaycanlıları Konqresi Xocalı soyqırımında birbaşa iştirak edənlərin hələ də cəzalandırılmadığına görə Azərbaycan xalqından üzr istəyir. Faciə qurbanlarının ruhu qarşısında baş əyir. Biz, ABŞ Azərbaycanlıları Konqresi Xocalı soyqırımında birbaşa iştirakı olan cinayətkar erməni dəstələrinin cəzalandırılması üçün əlimizdən gələni edəcəyimizə söz veririk. Biz bu dəhşətli faciə qurbanlarının və onların ailələrinin ədalət tapacağına əminik və bu mübarizədə xalqımızın yanında olacağıq.

ABŞ Azərbaycanlıları Konqresi Azərbaycan xalqına dərin başsağlığı verir və xalqımızı möhkəm olmağa çağırır. Möhkəm olsaq biz Xocalıya da ədaləti bərpa edəcəyik, Azərbaycanın incisi olan Şuşa-da üçrəngli bayrağımızı da dalğalandıracağıq.

ABŞ Azərbaycanlıarı Konqresi (Congress of Azerbaijani Americans) bu ilin yanvar ayının 31-də, M.Ə.Rəsulzadənin ad günündə ABŞ-in Nyu York şəhərində təsis olunub. Təşkilatın təsisçilərindən olan Emil İsmayılın bildirdiyinə görə, ABŞ Azərbaycanlıları Konqresini bir qrup istedadlı, yüksək təhsilli gənc azərbaycanlı Azərbaycan gəncliyinə keyfiyyətli təhsil imkanları yaratmaq və Azərbaycanın demokratikləşməsinə töhvə vermək məqsədilə yaradıb.