Yaxud hökumətin sürüşkən dəstək siyasəti
Azərbaycan hakimiyyətinin daxili siyasəti kimi xarici siyasəti də bərbad vəziyyətdədir. Əslində, daxili siyasəti “xərçəng” xəstəliyinə tutulmuş hökumətin, xarici siyasətdə “sağlam orqanizm” kimi çıxış etməsi mümkün deyil. Bütün fəaliyyət şəxsi maraqlar üzərində qurulanda daxili və xarici siyasət qəzaya uğrayır.
Xatırlayırsızsa, bir müddət əvvəl hökumətimiz Qərbə gedəndə Şərqi, Şərqə gedəndə Qərbi lənətləyiridi. Səməd Seyidovun məşhur “sendviç” məsəli hamının yadındadır. Hökumət Qərbə sübut etmək istəyirdi ki, Azərbaycanın demokratikləşməsinə Rusiya və Iran əngəl olur. Daha sonra sual bir az da duruldu və bu dəfə “sendviç” arqumenti “dad”ını itirdi. Bu dəfə hökumət Avropanı, ABŞ-ı söyməyə başladı və Rusiyanı daha açıq şəkildə tumarladı. Ardınca Ukrayna məsələsi gündəmə gəldi və hökumət “Ukraynanın ərazi bütövlüyünü dəstəkləyirik” desə də yekunda Rusiyanın lehinə səs verdi. Yəni hökumətin prinsipsizliyi, qətiyyətsizliyi, siyasi məsələlərdə sabitqədəm olmadığı həmişə açıq görünüb.
Son olaraq isə ölkə başçısı Irana səfər etdi və Azərbaycanın Suriya məsələsində Iranı dəstəklədiyini bəyan etdi. Bəlkə də Araz Əzimovun “Bəşər Əsəd təhlükəsizliyin və sabitliyin qrantıdır” bəyanatından sonra bu, təəccüblü görünməməlidir. Amma istənilən halda “bütün məsələlərdə Türkiyənin yanındayıq”, “Türkiyənin düşməni bizim düşmənimizdir” kimi bəyanatlardan sonra “Suriya məsələsində Iranı dəstəkləyirik” fikri siyasi absurdun zirvəsidir. Heç kimə sirr deyil ki, Iran Bəşər Əsədi dəstəkləyir. O da sirr deyil ki, Rusiya da Bəşər Əsəd diktaturasının hərəkətverici qüvvəsidir. Eyni zamanda qardaş Türkiyə Bəşər Əsəd hakimiyyətinə qarşıdır və günahsız insanların qətlinə görə Bəşər Əsədi ittham edir. Belə çıxır ki, Azərbaycan hakimiyyəti Suriya məsələsində Türkiyəyə qarşıdır.
Daha mühüm məqam bundan ibarətdir ki, Iranla Ermənistan arasında yaxşı münasibətlər var, Iran həmişə Ermənistana ən yüksək səviyyədə yardım göstərib və Ernmənistanı işğalçı dövlət kimi tanımayıb. Eyni sözlər Rusiya üçün də keçərlidir və bir neçə gün əvvəl Rusiya Ermənistana daha 200 milyon dollar kredit ayırdı. Amma Türkiyə məhz Qarabağın işğalına görə Ermənistanla bütün əlaqələri kəsib və münaqişə ədalətli həllini tapmayana qədər bu embarqonun davam edəcəyini bildirib. Ümumiyyətlə, Türkiyə Azərbaycana birmənalı dəstək verən yeganə ölkədir. Suriya məsələsində də Tükiyənin mövqeyi haqlıdır və Bəşər Əsəd yüzminlərlə günahsız insanın qatilidir.
Belə olan halda “Suriya məsələsində Iranın yanındayıq” söyləmək Azərbaycanın maraqlarına ziddir və növbəti dəfə dövlət maraqlarını şəxsi maraqlara qurban vermək cəhdidir.
Bu qədər qeyri-ciddi siyasi xətt Azərbaycanı hara aparır? Hansı ölkəyə səfər etsələr, həmin ölkənin maraqlarından çıxış edirlər, nəticədə “oyuncaq siyasət” formalaşdırırlar. Ilham Əliyev bir neçə gün öncə Londonda Qərbin Suriya ilə bağlı formalaşdırdığı koalisiyada iştirak etmişdi. Indi isə Bəşər Əsəd tərəfdarı kimi çıxış edir. Belə çıxır ki, sabah Ərdoğanla görüşəndə Türkiyənin yanında olduğunu vurğulayacaq, Israilə səfər zamanı söyləyəcək ki, Iran məsələsində Israili dəstəkləyir və s.
Bəli, bu hakimiyyətin xarici siyasəti “evcik-evcik” oyunudur. Ona görə də heç bir dövlət Azərbaycanı etibarlı tərəfdaş saymır. Hətta qardaş Türkiyə də başa düşür ki, hakimiyyət “bir millət – iki dövlət” şüarına sədaqətli deyil. Hakimiyyət isə elə bilir ki, bütün dünyanı aldada bilir, siyasi manevrlər edir. Bir daha qeyd edirik ki, bugünə qədər bir qarış torpaq geri alınmayıbsa, nəhəng dövlətlərlə səmimi birlik əldə edilməyibsə, qabaqcıl ölkələr siyahısında yoxuqsa, bunun yeganə səbəbi yürüdülən anti-xalq siyasətidir.
Bir sözlə, hökumət hamıya “səni sevirəm” deyir, amma məqam düşən kimi “sevirəm” dediklərinə xəyanət edir.
Samir